Xəbər lenti

Ölümündən sonrakı xilaskarlar: Meyitdən orqan köçürülməsi niyə ləngiyir?
Ölkə17:27 30.07.2017

Ölümündən sonrakı xilaskarlar: Meyitdən orqan köçürülməsi niyə ləngiyir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan səhiyyəsində ciddi islahatların aparılmasına ehtiyac olan sahələrdən biri meyitlərdən orqan transplantasiyası ilə bağlıdır. 1999-cu ildə “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” qanun qəbul edilsə də, hələ də icra mexanizmləri yoxdur.

Qanunvericilikdə orqan transplantasiyası

Bu qanunla meyitdən orqan və ya toxumaların götürülməsinin qaydaları və bu barədə tibb müəssisələrinin məsuliyyəti müəyyənləşdirilib. Qanunda qeyd edilib ki, şəxs sağlığında donorluğa yazılı razılığını bildirərsə, ölümündən sonra transplantasiya məqsədilə onun orqan və ya toxumalarından istifadə oluna bilər. Həmçinin, icazəsi olmasa belə, yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə də bu həyata keçirilə bilər. Amma şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina edibsə, ölümündən sonra ondan transplantasiya məqsədilə orqan və ya toxumaların götürülməsinə yol verilmir. Bu proses yalnız həkimləri konsiliumu tərəfindən bioloji ölümün baş verməsini və baş-beyin fəaliyyətinin tam dayanmasını (“beyin ölümünün”) təsdiq edən inkaredilməz faktın olmasından sonra həyata keçirilə bilər. Donorun ölüm aktının təsdiqində transplantoloq və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliyyət göstərən hər hansı bir şəxsin iştirakı qadağandır. Qanunvericilik bazası olsa da, reallıq budur ki, hazırda ölkədə orqan köçürülməsi ilə bağlı problem var.

İcra mexanizmi hələ də yoxdur

Hələ də vətəndaşlarımız orqan köçürülməsi üçün xarici ölkələrə üz tuturlar və təbii ki, sadəcə zənginlər bundan yararlana bilir. Bu məsələni hüquqi cəhətdən tənzimləyən mexanizmlərin hələ qəbul olunmaması, əhali arasında bu istiqamətdə maarifləndirmənin demək olar, yox dərəcəsində olması əslində bəlkə də hər gün həyatını hansısa orqanın köçürülməsi ilə xilas edə biləcəyimiz birini ölümə tərk etmək deməkdir. Problemin həlli üçün ən əsası icra mexanizmləri hazırlanmalı və əhali arasında maarifləndirmə tədbirləri aparılmalıdır.

Maarifləndirməyə ehtiyac var

Maarifləndirmə demişkən, o zaman bu suala cavab tapaq. Orqan nəqli nədir?

Çox təəssüf ki, bir çoxları orqan nəqlinin nə olduğunu tam olaraq bilmirlər. Bəlkə də yanlış maarifləndiriliblər. Ölmüş şəxsin yaxınları elə düşünür ki, qohumunun orqanının götürülməsi onun cismani bütünlüyünü pozmuş olacaq. Orqan nəqli insanın həyatda ikən özünün iradəsi ilə orqanlarının bir qismini və ya hamısını ölümündən sonra başqalarının müalicəsi üçün istifadəsinə icazə verməsidir. 18 yaşına çatmış, əqli-ruhi sağlığı yerində olan hər kəs orqanını kiməsə bağışlaya bilər. Orqan nəqli iki şəkildə icra edilir. Hazırda yaşayan, sağlam olan insandan insana və meyitdən (beyin ölümü gerçəkləşmiş insanlardan) edilən orqan nəqli. İnsandan insana orqan nəqli böyrək, qaraciyər kimi orqanlar üçün keçərlidir. Meyitdən (beyin ölümü gerçəkləşmiş) orqan nəqli isə çox hallarda beyin qanaması, ağır baş travmaları, nəqliyyat qəzaları və. s başqa səbəblərdən süni tənəffüs aparatına bağlanan, “beyin ölümü” gerçəkləşmiş insanlardan götürülən orqanlarla həyata keçirilir.

Orqan köçürülməsinin tarixi

Məlumat üçün bildirək ki, dünyada ilk orqan transplantasiyası macar əsilli cərrah Uilman tərəfindən Vyanada 1902-ci ildə heyvanlar üzərində böyrək nəqli ilə həyata keçirilib. Daha sonra ilk dəfə 1933-cü ildə Dr. Voronov tərəfindən ölü orqan transplantasiyası gerçəkləşdirilib. Dünyada insandan insana ilk böyrək nəqli ilk dəfə 1947-ci ildə Bostonda, ilk ürək nəqli isə 1967-ci ildə həkim Kristian Bernard tərəfindən həyata keçirilib.

Azərbaycanda sağ insanlardan hansı orqanların köçürülə biləcəyi qanunvericiliklə nizamlanıb. Bu siyahıya görə respublikada ürək, ağciyər, ürək - ağciyər kompleksi, qaraciyər, böyrəklər, mədəaltı vəzi və onların seqmentləri, mədəaltı vəzi onikibarmaq bağırsaqla birlikdə, dalaq, sümük iliyi və gözün buynuz qişası transplantasiya edilə bilər. Lakin, yuxarıda da qeyd etdiyimiz kimi meyitdən orqan köçürülməsi mexanizmi hələ də formalaşdırılmayıb.

Səhiyyə sahəsində tətbiq olunan bəzi üsullar dini baxımdan düzgün hesab edilməsə də, orqan tranpslantasiyasında belə bir fikir ayrılığı yoxdur. İslam dünyasının nüfuzlu alimləri də orqan nəqlini günah hesab etmirlər.

Millət vəkili vəsiyyət etmişdi

Xatırlatmaq yerinə düşər ki, bir neçə il öncə millət vəkili Qənirə Paşayeva öləndə orqanlarını bağışlayacağı barədə vəsiyyətini açıqlamışdı. Həmin vəsiyyətdən bir hissəni xatırlayaq: “Əgər bir gün hər hansı bir qəza keçirsəm və ölüm ayağında olsam və ya hər hansı bir xəstəlik nəticəsində artıq beyin ölümü prosesini yaşasam, heç bir tərəddüd etmədən başqa insanları yaşada bilmək adına orqanlarımı götürüb həyatla ölüm arasında olan və orqan nəqlinə ehtiyacı olan insanlara köçürə bilərlər. Bu, mənim dünya ilə vidalaşanda edə biləcəyim son faydalı iş olacaq… 

Ürəyimi, qaraciyərimi, ağciyərimi, böyrəklərimi, gözlərimi bağışladım. Pankreas vəzisini, sümük iliyini, bir sözlə, bağışlana biləcək, köçürülə biləcək bütün orqanlarımı…

Əgər kimsə yaşayacaqsa, bədənimin hər hansı bir hissəsini dərhal versinlər! Təki kimsə yaşasın. Təki kiminsə həyatını qurtarsın mənim canımın bir hissəsi…”

Q.Paşayeva bu addımı ilə cəmiyyətə bir növ yol göstərməyə və təşviq etməyə çalışıb. Amma vəsiyyət edilməsinə baxmayaraq məlumdur ki, meyitdən orqan köçürülməsi hələ də mümkün deyil.

Hazırda orqan köçürülməsi sahəsində vəziyyət nə yerdədir?

Məsələ ilə bağlı millət vəkili, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyev bildirib ki, hazırda meyitdən orqan köçürülməsi ilə bağlı lazımi şəraitin yaradılması üçün işlər aparılır. Onun sözlərinə görə, bu məsələdə Səhiyyə Nazirliyi və Nazirlər Kabineti birgə çalışır. 

Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü Mircəlal Kazımi bildirib ki, meyitdən orqan transplantasiyasının konsepsiyası hazırlanır. O deyib ki, Azərbaycanda bəzi xəstəxanalar meyitdən qaraciyər, böyrək, ürək, mədəaltı vəz, ağciyər, gözün buynuz qişası transplantasiyasını aparmağa tam hazırdır: “Konsepsiyanın bu ilin sonuna qədər yekunlaşacağını gözləyirik. Ümid edirik ki, 2018-ci ildən etibarən Azərbaycanda meyitdən orqan köçürülməsi əməliyyatlarına başlanılacaq”. M.Kazımi sözlərinə əlavə edib ki, bu məsələdə maarifləndirmə işi də aparılmalıdır: “Bizim apardığımız sorğu zamanı insanların əksəriyyəti orqan bağışlanmasına pozitiv baxdıqlarını söyləyiblər.

Qaynarinfo.Az

Mənbə: cebhe.info