
Azərbaycanda ali məktəblərin magistratura pilləsi üzrə yeni ixtisaslar tətbiq etmək lazımdır.
Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. Komissiya sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil Komissiyasının bu gün keçirilən iclasında da qəbul planına daxil edilən yeni ixtisaslar müzakirə ediləcək.
Ölkədə çoxdandır yeni ixtisasların tətbiq edilməli olduğunu deyən M.Abbaszadə qeyd edib ki, bunlar bakalavr yox, magistratura səviyyəsində olmalıdır: "Magistraturada çoxlu sayda ixtisaslar yaradılmalıdır, çünki orada iki il ərzində ixtisaslanmış kadr hazırlamaq mümkündür. Bəziləri hesab edirlər ki, magistratura elmin bünövrəsidir. Amma bu elə deyil. Bu hər hansı gəncin müəyyən bir sahədə ixtisaslaşması üçün lazımdır. Çox vaxt, xüsusilə Qərb ölkələrində insanlar hiss edirlər ki, onlara hansısa bir sahədə ixtisaslaşmaq lazımdır və buna görə də magistraturaya daxil olurlar. Düşünürəm ki, gələcəkdə Azərbaycanda yeni ixtisaslar üzrə magistraturaya tək məzunlar yox, artıq təhsilini bitirmiş və işləyən insanlar da daxil olacaqlar”. //APA
Qaynar.info