Xəbər lenti

MAHMUD KƏRİMOV SON MƏNZİLƏ YOLA SALINDI
Ölkə14:48 11.02.2013

MAHMUD KƏRİMOV SON MƏNZİLƏ YOLA SALINDI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mərhumla vida mərasimi Milli Elmlər Akademiyasında təşkil olundu; mərasimə prezident və hökumət rəsmiləri qatıldı

Fevralın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında AMEA prezidenti Mahmud Kərimovla vida mərasimi keçirildi. Mərasimdə dövlət və hökumət rəsmiləri, alimlər, ziyalılar iştirak edirlər.

Saat 15-ə təyin olunana vida mərasim ölkə başçısı İlham Əliyevin vida törəninə gəlməsi ilə başladı. Milli Elmlər Akademiyasında başlayan vida mərasimi təxminən üç saat çəkdi.

Vida mərasimində iştirak edən Azərbaycan Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov “Yeni Müsavat” açıqlamasında Mahmud Kərimovun vaxtsız ölümündən sarsıldığını qeyd etdi: “Mahmud müəllim Azərbaycan  elminin inkişafı üçü çox böyük işlər görüb. Şəxsiyyəti etibarı ilə də çox mükəmməl bir insan idi. Onun vaxtsız ölümü Azərbaycan elminin bundan sonrakı işinə çox böyük təsir edəcək”.

YAP-ın icra katibi Əli Əhmədov isə, Mahmud Kərimovun Azərbaycan elminə bir çox nailiyyətləri gətirdiyini vurğuladı: “Radiasiya fizikası və informatika sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynayıb. Onun vaxtsız ölümündən kədərləndiyimizi bildirir, Allahdan rəhmət diləyirik”.


Qeyd edək ki, Mahmud Kərimov 18 oktyabr 1948-ci ildə Ermənistan Respublikasının Yerevan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Yarımkeçicilər və dielektriklər fizikası ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edib. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Akademik M.Kərimovun araşdırmalarının nəticələri Azərbaycanda və xaricdə nəşr edilmiş 200-ə yaxın elmi əsərdə öz əksini tapıb. Onun elmi yenilikləri çoxsaylı patent və müəlliflik şəhadətnamələri alıb. M. Kərimov Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülüb.

Xatırladaq ki, fevralın 9-da günorta saatlarında M. Kərimovun vəziyyəti qəflətən pisləşib, onun ürəyində kəskin ağrılar başlayıb. Akademik dərhal Azərbaycandakı xəstəxanalardan birinə çatdırılsa da, onun təcili olaraq Türkiyəyə aparılmasına qərar verilib. Axşam saatlarında o, xüsusi təyyarə və həkimlərin müşayiəti ilə Türkiyəyə yola salınıb, lakin təyyarə havadaykən, M. Kərimov dünyasını dəyişib. Evli idi, oğlu və qızı var.


Akademik bu gün I Fəxri Xiyabanda torpağa tapşırıldı.

musavat.com