Xəbər lenti

Ölkə 15:40 31.08.2022

“Mahmudov və Qaralov da burda oturmalıdır” – Keçmiş nazirlə Baş prokurorun həbsi tələb edilir

Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə mühakimə olunan ləğv edilmiş Milli Təhlküsəzilik Nazirliyinin (MTN) İstintaq Baş idarəsinin keçmiş rəisi, general-mayor Mövlam Şıxəliyev vəkilləri vasitəsi ilə zərərçəkənlərlə danışıqlar aparıb.
 
Qaynarinfo xəbər verir ki, bu fakt avqustun 31-də keçirilən növbəti məhkəmə prosesində üzə çıxıb.

Məlumat üçün deyək ki, iyulun 26-da keçirilən bundan əvvəlki prosesdə dövlət ittihamçısı Mövlam Şıxəliyevin 14 il, onunla birgə mühakimə olunan Vüsal Ələkbərovun 11 il, Yasin Məmmədovun 12, Sahib Ələkbərovun isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. 

Bundan sonra məhkəmə avqustun 31-nə qədər təxirə salınmışdı. Prosesin bu qədər uzun müddətə təxirə salınması təəccübə səbəb olmuşdu. İndi məlum olur ki, məhkəmənin 1 aydan artıq müddətə təxirə salınması Mövlam Şıxəliyevin zərərçəkənlərlə danışıqlar aparması üçündür. 

Bu faktı zərərçəkənlərdən Hüseyn Səfərov açıqlayıb.  O, bildirib ki, hakimin verdiyi uzun fasilə günlərində Mövlam Şıxəliyev vəkili Arzu Cavadov vasitəsi ilə onunla təmas qurub: "Mövlam Şıxəliyev istəyirdi ki, biz şikayət etməyək, onun, başına yığdığı mütəşəkkil cinayətkar dəstəsi üzvləri olan digər təqsirləndirilən şəxslərin cinayətlərini ictimailəşdirməyək. Mövlam Şıxəliyev vəzifədə olarkan bizlərə vurduqları ziyanı ödəyəcəklərini deyirdi. Mövlam Şıxəliyev bizi inandırmaq üçün deyirdi ki, Eldar Mahmudov 3 zərərçəkənin zərərini ödəməyə hazırdır. Zakir Qaralovla Rüstəm Usubov da zərərçəkənlərin bir qisminin də zərərini onlar qarşılayacaqlar. Yerdə qalan zərərçəkənlərin zərərini də Mövlam Şıxəliyev və onunla mühakimə olunanlar verəcəklər. Mövlam Şıxəliyev "kişinin sözü bir olar, zərəri ödəyəcəyik” demişdi. Əlbəttə ki, biz ona inanmırdıq. Başa düşürük ki, Mövlam Şıxəliyevin sözü boş havadan başqa bir şey deyil. Bizə qarşı cinayətləri də o, təkbaşına törətmədiyi də aydındır. Sadəcə bu gün məhkəmə qarşısına çıxarılan o və digər icraçılardır. Bu cinayətlərin başında dayanlar bu gün məsuliyyətdən yayındırılırlar”. 

Zərərçəkənlər Nizami Kazımov, Akif Qurbanov, Elvar Əliyev, Ələddin Əliyevin də mövqeyi Hüseyn Səfərovun mövqeyinə uyğun olub.

Zərərçəkən Əfsəl Həsənəliyev bildirib ki, zərəri ödənməsə Yasin Məmmədovu qətlə yetirəcək: "Mən çox ağır durumdayam. Mənə vurulan zərəri Yasin Məmmədov ödəməsə, mən onu öldürəcəyəm. Çünki başqa çıxış yolum yoxdur. Məni qanunsuz həbsə alıb, evimi "Unibank”a girov qoyub və külli miqdarda pul götürərək ələ keçirib. Bank bu gün məni evdən çıxarır. Bu yaşımda mən nəvələrimlə, həyat yoldaşımla küçələrdə qalmalıyam. Bunu Yasin Məmmədov görməyəcək, mən onu qətlə yetirəcəyəm”. 

Zərərçəkən Sərdar İsmayılov da ona vurulan zərərin ödənilməsini tələb edib: "Məni qanunsuz olaraq həbs edən Yasin Məmmədovdur. Ziyanımı da o ödəsin. Mənim 1 milyon 400 min dəyərində malımı qaçaqmal elan edib və özlərinə götürüb satıblar. Özümü də aylarla girov saxlayıblar. Həmin vaxt ailəm dağılıb. Biznesim çöküb. Bu gün də çox ağır durumdayam, borc içindəyəm. Yasin Məmmədov mənə vurulan zərəri ödəsin. Bura gəlib üzümüzə hırıldayır. Elə bil bizə qarşı cinayəti o tərətməyib. Siz də onu azadlıqda saxlamaqla cinayəti ört-basdır edirsiz. Mənə vurudğu ziyanları tələb edirəm. Ödəməsə, onun üzünə kislota atıb yandıracağam. Bunu burada deyirəm ki, hamı bilsin”. 

Zərərçəkənlərdən bir neçəsinin vəkili Osman Kazımov da məhkəmədən söz istəyib: 

"Hörmətli məhkəmə, zərərçəkənlərdən biri qətlə yetirməkdən, o biri kislota ilə üz yandırmaqdan danışır. Bütün bunlar onlara qarşı cinayətlərə adekvat yanaşılmaması üzündən baş verir. Bu adamlar prokurorluğun qismində Azərbaycan dövlətindən dəstək gözləyirlər. Lakin müdafizəsiz qaldıqlarını görürlər deyə bu cür təhlükəli iddialarla çıxış edirlər. Mövlam Şıxəliyev və qeyrilərinə mütəşəkkil cinayətkar quldur dəstə tərkibində cinayətlər törətmələrinə dair ittiham verilib. Amma əməlləri rüşvət kimi tövsif olunub. Halbuki açıq-aşkar görünür ki, zərərçəkənlərə qarşı hədə-qorxu ilə tələb etmə cinayəti törədilib. Bu əməllər Azərbaycan vətəndaşları olan zərərçəkənlərin malına, puluna sahib çıxmaq üçün törədilib”.

Vəkil bildirib ki, məhkəmə qarşısında olan mütəşəkkil cinayətkar quldur dəstənin rəhbərləri bu gün azadlıqdadırlar: "Eldar Mahmudov, Zakir Qaralov, Rüstəm Usubov da bunların yanında olmalıdır. Çünki Mövlam Şıxəliyev və onunla birgə mühakimə olunanlar istəsəydilər belə, onların razılığı olmasaydı, bu cinayətləri törədə bilməzdilər. Bu cinayətlərdə Mövlam Şıxəliyev icraçıların başında dayanıb, bunlar isə cinayətlərin birbaşa icraçılarıdır. Bu adamların bu gün azadlıqda qalmaları onların qarşısında rəhbərlərin öhdəlik götürməsi ilə əlaqəlidir. Onların susması müqabilində azadlıqda saxlanılıblar. Bu adamlar xüsusilə ağır cinayətdə ittiham edilirlər. Bu adamların azadlıqda qalmaları kimlərin marağındadır? Küçədə bir nəfər digərinə sataşır, həbsə alınır. Bu adamlar isə dövləti qorumalı olduqları halda, dövlətin gücundan Azərbaycan vətəndaşlarına qarşı istifadə ediblər. Bu Azərbaycan dövlətçilik tarixinə ləkə olan cinayətlərdir, bu cinayətləri törədənlər ən sərt şəkildə cəzalarını almalıdırlar. Təqsirləndirilən Sahib Ələkbərov burada dözmədi, dedi ki, onun sağında Rüstəm Usubov, solunda isə Zakir Qaralov əyləşməlidir. Bir cinayət epizodunu danışdı, dedi ki, məzuniyyətdə olan zaman onu Eldar Mahmudov, Zakir Qaralov və Rüstəm Usubov restorana çağırıblar. 2 gün əvvəl həbs olunan şəxsi dərhal azadlığa buraxılması göstərişini veriblər. İndi həmin o Eldar Mahmudovun, Zakir Qaralovun və Rüstəm Usubovun burada dindirilməsi zərurəti vardı. Siz möhtərəm hakim, bunu etmədiz”.

Bundan sonra proses avqustun 6-na qədər təxirə salınıb.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->