İdris HEYDƏRLİ Malazgird paradiqması...
Kinonu bizi düşünmədən icad etdilər. Romanı da eləcə... Telefonları da.
Kurasava kinoya yapon düşüncəsini gətirdi. Yapon yazısı onun kamera gözü oldu.
Protestant düşüncə Robinzon Kuruzo və Bibliya arasında olanları sildi, romanlaşma başladı.
Provoslav düşüncə romana müdaxilə etdi, Dostoyevski kilsəsiz günahı anlatdı.
Və beləcə dəyərləşmədə ön plana çıxacaq nə var idisə Roma və Bizans düşüncə tərzinin davamı oldu.
Çünki savaş da onların arasında idi, barış da... Bu sistemdə özünü "özü" olaraq tanıyan ilk yapon düşüncəsi idi.
Çin, Hind və İslam düşüncəsi isə "özgə"ləşərək sadəcə var olub və çürüyərək bitmiş olanlara aid oldu.
Çinin və Hindin "sistem"lə mübarizəsi yalniz idarəetmədə müşahidə olunsa da, bu da ciddi təsirlər buraxmaq gücündə deyildi.
Sistemin əsas hədəfi İslam idi.
İslamı şəkilləndirmək və bitməyən səlib savaşlarını davam etdirmək amacı ilə "inkişaf edənlər" və "üçüncü dünya" olaraq idarəedilənlər arasında ziddiyyət yalnız 21 yüz ilin əvvəllərində başladı.
Sistemin fəlsəfəsi çökdü ilk öncə.
Nə Platon, nə Aristotel, nə Hegel, nə də Kant... köməksizdirlər bu durumda...
Fəlsəfəsiz qalan "sistem" yarana biləcək paradiqmaya "mədəniyyətlər savaşı", "sivilizasiyaların dialoqu" dedi. Protestat İslam belə düşünüldü.
Bütün bu var olanlar yenə də gələn düzənin nə olacağını tanıya bilmir.
1054 ci il.
Roma kilsəsi Bizans kilsəsi ilə bütün bağlantılarını kəsdi.
1071 ci il.
Malazgird savaşı ilə həm İslamın, həm də tarixin düzəni dəyişdi.
Malazgird savaşı dünyaya yeni "sistem" bəxş etdi.
Biz o "sistem"in dilini, mədəniyyətini, həyat tərzini tanısaq, gələcək paradiqmanın nə olacağına qərar verənlərdən olacağıq.
Bu Malazgird paradiqmasıdır.