
Azərbaycan və Rusiyadakı ağır iqtisadi vəziyyət, rublun və manatın dəyərdən düşməsi ölkəmizdəki ən iri ticarət mərkəzləri olan "Binə" və "Sədərək" bazarlarında da satışların aşağı düşməsinə səbəb olub.
Burada çalışan satıcıların əksəriyyəti neçə aylardır ki, ziyanla işlədiklərini və icarə haqlarını ödəyə bilmədiklərini deyirlər.
Satıcıların sözlərinə görə, son bir neçə ay ərzində alver demək olar ki, yoxdur: "Keçən ilin sonuncu aylarından başlayaraq, alver tədricən "ölür". Əvvəl fikirləşdik ki, bu, ilin sonuna görədir. Amma elə olmadı. Hələ də qəpiyə “güllə atırıq". Elə gün olur ki, heç siftə edə bilmirik. Misal üçün mən dünən 6 manatlıq, bu gün isə 3 manatlıq alver eləmişəm. Ondan öncəki gün isə heç 1 manat da qazancım olmayıb. Sadəcə gəlirik, gözləyirik, gedirik. Amma alıcı yoxdur".
Ticarətçilər deyirlər ki, borclara görə mağazaları da bağlaya bilmirlər: "Alver oldu-olmadı icarə haqqını ödəyirik. Məcburuq. Bağlayıb, gedə də bilmərik. Çünki o dəqiqə banklar boğazımıza çökərlər ki, kreditləri ödəyək. Amma obyekt açıq olanda gəlir, görür ki, burdayıq. Alver olmasa da, burdayıq. "Gec-tez düzələcək, ödəyəcəyik" deyərək, göndəririk".
“Hər şey Rusiya-Ukrayna hadisələri ilə başladı”
Satıcılardan alıcıların olmamasının səbəbini soruşduq: "Səbəbi çoxdur. Hər şey Rusiya-Ukrayna hadisələri ilə başladı. Rusiyada böhran yaşandı. Orada da 2-3 milyon azərbaycanlı yaşayır. Onlar yaxşı qazana bilməyəndə ailələrinə də yaxşı pul göndərə bilmirlər. Göndərdiklərinin də bir dəyəri olmur. Deməli, buradakı ailələri də daha az alver edirlər. Bu da bizə təsir edir.
Bəzi iri dükan sahibləri müvəqqəti olaraq, dükanlarını bağlayıblar ki, müştəri qaçırmasınlar. Çünki qiymətlər qalxıb, daimi müştəri qiyməti baha görüb, bir də gəlməyə bilər. Bəziləri isə alver olmadığı üçün mağazalarını bağlı saxlayıblar.
"Dağıstan malları" kimi adlandırılan və sırf şimali qafqazlıların alıb, istifadə etdikləri malların ticarəti ilə məşğul olan şəxslər var. Rublun manat qarşısında dəyərdən düşməsi şimali qafqazlıların Azərbaycana gəlib, mal almaq maraqlarını azaldıb. Nəinki azaldıb, onlar artıq ümumiyyətlə, alış-veriş üçün gəlmirlər. Əvvəllər 1000 rus rubluna 23-25 manatlıq mal aldıqları halda, bu gün eyni məbləğə cəmi 11-12 manatlıq mal ala bilirlər. Ona görə də, bu, onlara sərf etmir”.
“Dayandığım yerdə 27 min manat əlavə borcum oldu”
Sahibkarlar deyirlər ki, manatın qəfil dəyərdən düşməsi onlara böyük ziyan vurub: "Alver onsuz da yerlərdə "sürünürdü". İndi dolların bahalaşması, manatın qəfil düşməsi bizi lap pis vəziyyətə salıb. Alıcılar bazara gəlmirlər. Gəlsələr də, nəsə alan zaman 2-3 dəfə düşünürlər. Çox şeyin qiyməti süni və ya təbii şəkildə qalxdığı üçün alıcılar gözləməyi üstün tuturlar. Bəlkə hər şey ucuzlaşar, deyə ümid edirlər. Hətta hər şeyin baha olduğunu düşünürlər. Misal üçün dollar qalxana qədər 10 manata satdığım malı, dollar qalxandan sonra da 10 manata satıram. Amma alıcı qiymətin qalxdığını düşünür.
Hələ bizim yaxşı günlərimizdir. Dollar əvvəlki hala düşməsə, hamımız batacağıq. Çünki satdığımız malların demək olar ki, 99 faizi xarici ölkələrdən alınır. Alış işləri də dollarla görülür. Misal üçün mən Türkiyədən 100 min dollarlıq mal almışam. Amma pulu ödəməmişəm. Həmin dövrdə dolların Azərbaycanda kursu 78 qəpik olduğu üçün deməli, ona borcum 78 min manat idi. Amma indi borcum 105 min manata çatıb. Yəni mənim dayandığım yerdə 27 min manat əlavə borcum oldu. Axı mən borcumu dollarla ödəyirəm".
Satıcı xanımlardan biri isə deyir ki, "Binə" Ticarət Tərkəzində də eyni vəziyyətdir: “Bizdə hamı bir-birindən asılıdır. Zəncir kimiyik, birimizə bir şey olanda, hər kəsə təsir edir. Bəzilərimiz malı "Binə"dən alırıq. Əvvəllər alver super idi. Malın pulunu rahat ödəyirdik. Vaxt cəhətdən də, problem olmurdu. Amma indi "Binə" ticarətçilərində də vəziyyət pis olduğu üçün bizi də sıxışdırırlar ki, borcumuzu tez ödəyək. Amma ödəyə bilmirik”. //musavat.com
Qaynar.info

















