Xəbər lenti

Masallıda girov götürülmüş bazar
Ölkə07:03 28.06.2013

Masallıda girov götürülmüş bazar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Buradakı dükanların sahibləri nə pulunu ala bilir, nə dükana sahiblik sənədini

Masallı şəhərində “Fəzailin bazarı” kimi tanınan - “Cavid-F” - MMC-yə məxsus ticarət mərkəzi ilə bağlı qalmaqallar bitmək bilmir. Masallıda 3-4 il öncə, Qəzənfər Ağayevin bu rayona rəhbərlik etdiyi “bazar əməliyyatları”, necə deyərlər, böyük qurbanlar hesabına başa gəlsə də, demək olar ki, o vaxtkı icra başçısı və onun ətrafındakı bəzi şəxslərdən başqa, bu “əməliyyatlar” kimsəni xoşbəxt edə bilmədi.

Yüzlərlə dükan, bazar söküldü, xəstəliyə düşən, sağalmaz dərdlərə düçar olanlar oldu, narazılıqlar pik həddə çatdı, adını abadlıq, yüksəliş qoyub, göz-görəsi insanların hüquqlarını pozdular, qarşılığında isə külli miqdarda pul mənimsədilər. Atalar demişkən, zülümlə bərqərar olan, heç vaxt daim bəxtəvər ola bilməz. Hazırda bu 2 mərtəbəli, nəhəng ticarət mərkəzinin başı bəladadır. 

Bazarın sahibi Fəzail Qəribov bir neçə il öncə 55 yaşında, buradakı oyunlara, külli miqdarda kredit borclarına tablaşmayaraq dünyasını dəyişib. Bu ticarət mərkəzinin çıxılmazlığa saldığı şəxslər isə nə edəcəklərini bilmirlər. Belələrindən birini - Imran Bağırovun düşdüyü ağır durumu sizinlə paylaşırıq: “5 il əvvəl burada ticarət mərkəzi tikiləndə yaşadığım Bədəlan kəndinin bir neçə sakini ilə həmin obyektdə dükan almaq fikrinə düşdük. Bazar rəhbərliyi ilə razılaşdıqdan sonra 200 kvadratmetr sahə üçün 220 min dollar (təxminən 200 min manat) pul ödədim. Əvvəldən razılaşdığımız kimi, mənim üçün həmin ticarət mərkəzində 200 kvadratmetrlik sahə ayrıldı. Ödənilən məbləğin müqabilində mənə 7 nəfərin imzası ilə bir akt verdilər ki, həqiqətən bizdən 220 min dollar alıb 200 kvadratmetr sahə veriblər. Lakin həmin əraziyə və dükana görə bina tam inşa edilmədiyindən ”kupça" (mülkiyyət şəhadətnaməsi) verilmirdi.

Bu azmış kimi, 2010-cu ildə məlum oldu ki, bu ticarət şəbəkəsi girovda imiş. Belə ki, mənim kimlərdən xeyli pul alınmasına baxmayaraq, Bakıda yerləşən “YunaytedKredit” bankında 1 milyondan artıq pula bu ticarət mərkəzini girov götürüb. (Məlumata görə, bankın borcu ödənilmədiyi üçün artıq həmin borc 2 milyon manata yaxındır. Aldığımız məlumata görə, artıq bank həmin ticarət mərkəzini öz idarəçiliyinə götürüb və oranı bankın təyin etdiyi Süleyman Əliyev idarə edir). Bizim verdiyimiz pul qalıb havada. Bank mülkün sahibi kimi bizim hüquqlarımızı tanımır. Deyirlər ki, mülk bizimdir, ya icarəyə götürün, ya da çıxın. Bəs əvvəldən verdiyimiz 200 min manat?! Məcbur olub işi Masallı Rayon Məhkəməsinə verdik. Məhkəmə bizim xeyrimizə qərar qəbul etdi. Qətnamədə bildirilir ki, “Cavid-F” MMC-dən 220 min ABŞ dolları alınaraq Bağırov Imran Əmrah oğluna verilsin. Cavabdehdən 220 min ABŞ dolları mabləğində pul alınarkən Qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablansın".

Qarşı tərəf - “Cavid-F” şirkəti isə Masallı məhkəməsinin Qətnaməsindən Apelyasiya şikayəti verib. Bax, beləcə böyük hay-küyə inşa edilən, yüzlərlə insanın dükanını söküb tikilən bu imarət indi onlarla insanın baş ağrısına çevrilib. 

İmran Bağırov daha sonra bildirib ki, onların da, bazar rəhbərliyinin də hazırda tələbi odur ki, yuxarıda adıçəkilən bank düzgün addım atmayıb. Bu işdə olduqca şübhəli məqamlar var. Belə ki, bank buranı borcuna çıxmaq istəyirdisə, öncə bazar binasını hərraca çıxartmalı, onu satdıqdan sonra öz borcunu götürüb qalanını bazarın sahibinə verməli idi. Bankla bazarın təmsilçisi arasında bağlanmış barışıq müqaviləsi də bəzi şübhələr doğurur. Bank isə imkanlarından, güclü əlaqələrindən istifadə edərək ona yönəlmiş ittihamları müxtəlif səviyyədə zərərsizləşdirir. Məhz buna görə külli miqdarda vəsait sərf edib aldığımız dükan indi qalıb havada.

Biz inanırıq ki, aidiyyatı təşklatlar yüzlərlə insana problem yaratmış belə banklar haqqında müvafiq tədbirlər görəcəklər.

Zahir Əmənov

Azadlıq.az