
Masallı Torpaq və Xəritəçəkmə şöbəsinin müdiri: "Mən heç kəsin torpağını satmamışam"
"Masallı rayonunda əhali sürətli şəkildə torpaqsızlaşdırılır". Bu barədə mediaya Masallı rayon Yeyənkənd sakini Niyaz Ramazan oğlu Abbasov məlumat verib.
Onun sözlərinə görə, əhalinin torpaqlarının alınmasına Masallı Torpaq və Xəritəçəkmə şöbəsinin müdiri Hamil Hadıyev başçılıq edir. Belə ki, vətəndaşların əksəriyyəti qanunla aldıqları torpaqlardan müxtəlif bəhanələrlə çıxarılır və ya bu torpaqlar onların əllərindən zorla alınır.
Vətəndaş iddia edir ki, Hamil Hadıyev ayrı-ayrı vətəndaşlara məxsus qanuni pay torpaqlarını belə baha qiymətə Rusiyada yaşayan şəxslərə satıb.
Niyaz Abbasovun sözlərinə görə Hadıyev artıq vətəndaşlardan aldığı rüşvəti də leqallaşdırmağa başlayıb: "Kim qanunsuz yolla torpaq əldə etmək istəyirsə, Hamil Hadıyev ona asanlıqla köməklik edir. Və o, pul aldığı şəxsi öyrədir ki, kimin torpağını almaq istəyirsə, həmin şəxsi məhkəməyə versin".
Şikayətçi bildirir ki, torpaq şöbəsinin müdiri məhkəmədəki adamları vasitəsi ilə məsələni həll edir. Bunun üçün həmin adamlara aldığı puldan bir qismini verir ki, proses də tez başa gəlir: Hadıyevin məqsədi özünü sudan quru çıxarmaqdır. Çünki o, bu hadisə baş verdikdən sonra şikayət edən tərəflərə çatdırır ki, burada onluq bir iş yoxdur. Ona görə ki, torpağı yeni sahibinə məhkəmə verib".
Məlumatda o da bildirilir ki, Hamil Hadıyev hələ bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırılıbmış. Buna səbəb isə onun tutduğu vəzifədən sui-istifadə etməsi olub. Lakin şöbə müdiri Torpaq və Xəritəçəkmə komitəsinin sədri Qərib Məmmədova yol taparaq, problemi çözməyə nail olub.
Masallı Torpaq və Xəritəçəkmə şöbəsinin müdiri Hamil Hadıyev isə mediada gedən yazılara münasibət bildirib. O, Qaynar.info-ya açıqlamasında bildirib ki, vətəndaşın onu torpaq satmaqda ittiham etməsi əsassızdır: "Bütün bunlar yalan və böhtandır, mən heç kəsin torpağını satmamışam. Vətəndaşı tanıyıram. Dəfələrlə yanımda olub, ona vəziyyəti başa salmışam. Onlar bir neçə nəfərdirlər və öz aralarında razılığa gələ bilmirlər, amma işi mənim üstümə yıxırlar".
Qaynar.info