
Azərbaycanda avtomobillərin kreditlə satışının dayanması sürücüləri və avtomobil satıcılarını müxtəlif üsullara əl atmağa vadar edib.
Avtomobil ekspertləri bildirirlər ki, avtomobil bazarının əsas hərəkətverici mexanizmi avtomobil kreditləri idi. Kreditlərin dayanması ilə avtomobil bazarında böhran yaradıb. Belə olan halda, satıcılar da müxtəlif yollarla satışları artırmağa can atırlar. Nəticədə, avtomobil sahibləri və bazarlarda olan salonlarda işlənmiş avtomobillərin kreditlə, etibarnamə və ehtiyat hissəsi kimi satışı halları artıb.
Qeyri –rəsmi kreditlə avtomobil satışı 2 dəfə artıb
Ekspertlər hesab edirlər ki, bank kreditlərinin avtomobil bazarından çıxması ilə etibarnamə ilə satış hallarını ilin əvvəlindən 2 dəfə artırıb. Avtomobil eksperti Fərid Məlikov fins.az-a bildirib ki, son dövrdə avtomobil bazarının canlanması üçün avtomobil sahibləri, alverçi və salonlar müxtəlif qaydada satış üsullarına əl atırlar. Bunlardan biri avtomobil bazarlarındakı salonlardır. Bu tipli satış yerləri avtomobilləri qeyri-rəsmi qaydada kreditlə satırlar. Bu qaydada satışları salonlar sadəcə müştərinin görünüşü baxaraq şəxsiyyət vəsiqəsilə verirlər. Ekspertin sözlərinə görə, satıcılar əvvəlcə avtomobili alan şəxsin evinə baxış keçirirlər, yəni harda yaşadığını müəyyən edirlər. Daha sonra müştəri ilə salon arasında natariusda təsdiqlənmiş müqavilə bağlanır.Avtomobilin dəyərinin bir hissəsi əvvəlcədən ödənilir. Qalan hissə isə aylara bölünərək ödəniş həyata keçirilir. Bu şərt hər iki tərəf üçün uyğundur. Belə ki, salonlar bir neçə ayda satılmayan avtomobilləri kreditlə daha baha və tez sata bilirlər. Məsələn, nəğd şəkildə 15 min manata satılan 2012-ci il model “Hyundai Sonata” kreditlə 20 min manata təklif edilir. Digər tərəfdən bəzi vətəndaşlar avtomobil almaq istəsələr də nəğd ödəniş etmək imkanı yoxdur. Üstəlik rəsmi maaşı olmadığı və rayon qeydiyyatında olduğuna görə kredit götürə bilmirlər. Belə alıcılar üçün sadə şəkildə heç bir sənəd tələb olunmadan avtomobil almaq göydən düşmə fürsətə çevrilir. Ona görə də qeyri-rəsmi kreditlə alışa razılaşırlar.
Ekspertin sözlərinə görə, bundan əlavə avtomobili əvvəl bank krediti ilə alanlar isə borcu ödəyə bilmədikləri üçün satmağa başlayıblar. Onlar kreditdən qurtulmaq üçün maşını satırlar. Ödədikləri məbləğə daha ucuz qiymətə köhnə “Mercedes” və az xərc aparan Rusiya avtmobilləri alırlar.Belə avtomobil sahibləri isə sürücülük etibarnaməsi ilə satış həyata keçirirlər. Məsələn, avtomobili 15 manata alan sürücü 20-30 min kilometr sürdükdən sonra, ilkin olaraq ödədiyi 5min manatın nəğd verilməsini, qalan hissənin isə banka aylıq ödənilməsi şərtilə satdı. Əvəzində sürmək üçün 1997-ci ilin “Mercedes” avtomobilini 4500 manata aldı. Köhnə olsa da, həm avtomobili var, həm də kredit ödəməkdən xilas olub.
Avtomobili alan müştərinin krediti ödəməsi isə bir neçə aylıq sürücülük etibarnaməsi ilə sığortalanır. Yəni, avtomobili kreditlə alan müştəri borcunu tam ödəməyənə kimi onun sahibi olmur. Yalnız etibarnaməyə uyğun olaraq sürücülük hüququ olur. Krediti tam ödədikdən sonra isə avtomobilin texniki pasportunu əldə edə bilir.
Satılmayan maşınlar ehtiyat hissəsi kimi 3-4 min baha satılırAvtomobil bazarı ilə yanaşı avtomobil elan saytlarında da kreditlə aldığı avtomobili satışa çıxaranlarla bağlı təkliflər artıb. Alsat.az saytının rəhbəri Vaqif Hüseynov fins.az-a bildirib ki, ötən ildən etibarən bu tipli elanlar 50 % artıb. Məsələn, ötən il hər 10 elandan 2-si kreditlə satışla bağlı idisə, indi hər elandan 5-I belə satış təklifidir. Onun sözlərinə görə, qiyməti 50 min dollara kimi avtomobillərin kreditlə satışı təklif edilir. Belə ki, satıcılar avtomobilin real bazaar qiymətini ilkin ödəniş olaraq tələb edirlər. Qalan hissənin isə aylıq ödənişini təklif edirlər. Məsələn, 2012-ci il model “Toyota Land Cruiser” avtomobilinin qiyməti 50 min dollardır. Satıcı 40 min manatın əvvəlcə, qalan hissəsinin isə aylıq ödənişini təklif edir.(fins.az)
Qaynarinfo.az