Gənc yazar Qızxanım
Mikayılın ilk nəsr kitabı işıq üzü görüb.
Qaynarinfo xəbər verir
ki, müəllifin "Maska–Kölgə oyunu” adlı kitabı "Mücrü” nəşriyyatında çap
edilib.
Kitaba iki böyükhəcmli
hekayə daxil edilib.
Yeni nəşrə ön sözü tanınmış
ədəbiyyatşünas Məti Osmanoğlu yazıb.
"İki aləm arasında” adlanan "Ön söz"də deyilir:
"Bədii yaradıcılıqla məşğul
olmaq, oxucu ilə bədii mətn üzərindən ünsiyyət qurmaq həm də real dünyanın
nizamı, qanun-qaydaları, qadağaları, adət-ənənələri ilə qane olmamaq, buna görə
də fərqli bir dünya yaratmaq təhriki ilə bağlıdır. Yazmaq ehtiyacı hiss edən
insan üstündə gəzdiyi məkanı, içində yaşadığı zamanı, əhatəsində olduğu mühiti
yenidən, özünün arzuladığı kimi qurur,
özünün yaratdığı aləmi təqdim etməyə və oxucunu ən azından oxu prosesində həmin
aləmdə yaşatmağa çalışır.
Qızxanım Mikayılın
oxuculara təqdim etdiyi bu kitabdakı yazılar da həmin istəkdən irəli gəlir. Onun
obrazları gördüyümüz, içində olduğumuz dünya ilə özlərinin yaratdığı xəyal aləmi
arasında yaşayırlar. Bu iki aləm arasında münasibətlərin gerçək üzünü görmək çətindir:
həm xəyal aləmindəki münasibətlərin, həm
də real gerçəkliyin üzündə maska var. Müəllifin iddiasına görə həyat bir kölgə
oyunudur və əsas məqsəd həmin maskanı götürmək, oxucuya əsl həqiqəti
çatdırmaqdır...
İnsanın real dünya ilə
xəyal dünyası arasında yaşamasını bədii mətndə gerçəkləşdirmək isə fərqli təhkiyə qurmaq, oxucu ilə onun gözləmədiyi fərqli
oyun şərtləri müəyyənləşdirmək tələb edir. Oxucunu inandırmaq, iki aləm – real
dünya ilə xəyal arasında "səyahətə” sövq
etmək isə bu şərtlərə əməl etməkdən asılıdır...
Bədii əsər, sadəcə, hər
hansı əhvalatın nağıl edilməsi deyil, həm
də oxucu ilə sözlü ünsiyyətdir. Ona görə də yazmaq, sözlə yeni bir dünya
yaratmaq iddiasında olan müəllif sözün üzərində işləməkdən usanmamalı, yaratdığı hər əsərlə (həcmindən
və janrından olmayaraq) sözün də yeni dünyasını kəşf etməyə borcludur.
Ümidvaram ki, ilk təcrübələrini
təqdim edən Qızxanım Mikayıl gələcək yaradıcılığında ideyanın əyaniləşdirilməsi
ilə yanaşı, sözlə, bədii dilin estetik imkanları ilə daha həssas davranacaq”.
Kitabın yaxın günlərdə satış
dükanlarına veriləcəyi gözlənilir.
Şərhlər