Bakının Maştağa kəndində yerləşən evlərə qış fəslinə keçidlə əlaqədar “zəhərli qaz” verilir. Bu barədə Axar.az-a Maştağa kənd sakinləri məlumat veriblər. Xüsusilə, kəndin Savalan massivi və onun qarşısında yeni salınmış yaşayış evlərinin sakinləri yeni verilən qazın iyindən evlərində otura bilmirlər.
Sakinlər qeyd edir ki, artıq bir neçə gündür ki, kəndə verilən mavi yanacaq artırılıb. Qışa keçid məqsədilə qazın artırılması sakinləri sevindirsə də, bu sevinc o qədər də uzun çəkməyib.
Kənd sakinləri deyir ki, kəndə verilən qaz artandan sonra ondan kəskin qoxu gəlməyə başlayıb. Gün ərzində dəfələrlə işlədilən qaz evin bütün havasını dəyişir. Sakinlərin sözlərinə görə, qazdan gələn iy səbəbilə evdə dayana bilmirlər. Qazın iyi gözlərini yaşardır, ürək bulandırır. Hətta mavi yanacağın qoxusundan bir çox kənd sakini evlərində qaz yandıra bilmir. Bu səbəbdən qaz əvəzinə elektrik sobalarından istifadə edənlər də var.
Maştağa kənd sakini Natiq Məhəmmədəliyevin sözlərinə görə, qazdan çox az istifadə ediləndə də evi qaz qoxusu bürüyür:
“Qaz iyindən evdə oturmaq mümkün deyil. Uşaqları tez-tez həyətə çıxarırıq ki, birdən nə isə olar. Belə soyuq havalarda bütün gün pəncərələri açıb evin havasını dəyişməli oluruq. Kəndin demək olar, bütün sakinləri bundan şikayət edir. Hamı narahatdır. Bir az keyfiyyətli qaz versələr daha yaxşı olardı. Gərək kimsə qazdan zəhərlənsin, ya harasa partlasın, ondan sonra bir addım atsınlar”.
Məsələ ilə əlaqədar “Azəriqaz” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Axar.az-a açıqlamasında müraciətimizlə əlaqədar sözügedən ərazidə olan əməkdaşlarla əlaqə saxlayaraq durumu izah etdi. ASC sözçüsü qeyd edir ki, ərazidə olan əməkdaşlar belə bir halla qarşılaşmadıqlarını bildirib:
“Hazırda orada altı əməkdaşımız qeyd etdiyiniz məsələni araşdırır. Hələlik belə bir halla qarşılaşmayıblar. Qeyd etdiyiniz ünvanlara da yoxlama üçün adam göndərilib. Yoxlanılıb və heç bir problem qeydə alınmayıb. Ola bilər ki, qış vaxtına keçidlə əlaqədar qaz artırıldığı üçün sakinlər belə hiss edib. Biz sakinlərin sağlamlığını da nəzərə alırıq bu məsələdə. Əməkdaşlarımız hazırda orada tənzimləmə işləri aparır. Hansısa problem olarsa, mütləq aradan qaldırılacaq”.
Qaynar.info