
2014-cü il iyunun 18-dən avqustun 18-dək Qazax rayonunda Azərbaycan Respublikası Prezidenti yanında Gənlər Fondunun maliyyə yardımı ilə Süleymanova Tükəzban Mikayıl qızının “Məcburi köçkün gəncləri və vətəndaş jurnalistikası” adlı fərdi layihəsi həyata keçirilib.
Qaynar.info xəbər verir ki, layihənin həyata keçirilməsində əsas məqsəd məcburi köçkün gənclərinin İKT bilik və bacarıqlarını inkişaf etdirmək, ənənəvi media və vətəndaş jurnalistikası haqda məlumatlar vermək, sosial media vasitəsilə müharibə həqiqətlərini işıqlandırmaq, məcburi köçkünlərin gündəlik həyat şəraitlərini işıqlandırmaqdır.
Bu məqsədlə həftədə 2 dəfə (cümə və şənbə günləri) “Gənc Liderlər” TTİ İB-nin Qazax filialının ofisində təlimlər keçirilib. Təlimlərdə ümumilikdə 20 (2 qrup, hərəsində 10 nəfər olmaqla) nəfər məcburi köçkün və aşağı təminatlı ailələrdən olan gənclər iştirak edib.
Təlimlər zamanı gənclərə İKT haqda biliklər (elektron poçtların yaradılması, sosial şəbəkələr haqda məlumat, onlarla iş, bloqların yaradılması və onlarla iş və s.) öyrədilib. Layihənin yekununda iştirakçılar xüsusi diplomlarla təltif olunublar.
Qaynar.info