
Parlamentin qarşısına 30-a yaxın məcburi köçkün aksiya keçirmək üçün gəlmişdi; polislər və mülki geyimli şəxslər aksiya iştirakçılarından dəfələrlə çox idi
Xəbər verdiyimiz kimi, martın 30-da millət vəkili Etibar Hüseynovun ANS telekanalında məcburi köçkünlərin ünvanına səsləndirdiyi xoşagəlməz ifadələr onların ciddi narazılığına səbəb olmuşdu. Deputat Milli Məclisin sessiyasında məcburi köçkünlərdən üzr istəsə də, bu, narazılığı səngitməmişdi.
Millət vəkilinin bu çıxışı ilə bağlı sosial şəbəkələrdə aprelin 8-i saat 14-də Milli Məclisin qarşısında aksiya təyin olunmuşdu. Məcburi köçkünlər millət vəkilinin mandatının əlindən alınmasını və çıxış etdiyi kanal vasitəsilə onlardan üzr istəməsini tələb edirdilər.
“Millət vəkili Etibar Hüseynov məcburi köçkünlərdən və qarabağlılardan üzr istəsin!” eventi Qubadlı köçkünü Ağaşirin Tanrıverdioğlu tərəfindən yaradılmışdı. Aksiya ilə bağlı yaradılan bu “event”ə indiyə qədər 1500-ə yaxın insan dəstək olaraq, aksiyada iştirak edəcəklərini bildirmişdi.
Bu qədər insanın “event”ə dəstək olmasına baxmayaraq, bu gün Milli Məclisin qarşısına 30-a yaxın məcburi köçkün aksiyada iştirak üçün gəlmişdi. Ətrafdakı polislər və mülki geyimli şəxslər aksiya iştirakçılarından dəfələrlə çox idilər. Mətbuat nümayəndələri də aksiyanı işıqlandırmaq üçün parlamentin qarşısına toplaşmışdılar.
Orada olduğumuz bir saat ərzində aksiya iştirakçılarının sayının artması gözlənilsə də, gözləntilər öz nəticəsini vermədi. Əksinə aksiyaya gələnlərin çoxu ruh düşgünlüyünə qapılaraq, ərazidən uzaqlaşdılar. Aksiyanın təşkilatçısı Ağaşirin Tanrıverdioğlu insanların laqeydliyindən şikayətləndi. Onun ərazidən uzaqlaşmasından sonra yerdə qalan sonuncu aksiya iştirakçıları da dağıldılar. Onlar dağılarkən polislərin rişxəndlə aksiya iştirakçılarına atmacalı sözlər demələri də diqqətimizdən yayınmadı.
Beləliklə məcburi köçkünlərin təyin etdiyi aksiya alınmadı.
musavat.com





