Xəbər lenti

Foto 15:06 27.10.2023

Məcnun Məmmədov Samuxda vətəndaşları qəbul etdi (FOTOLAR)

Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Samuxda vətəndaşları qəbul edib.

Qaynarinfo-nun Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi məlumata görə, Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında keçirilən qəbulda nazir Samux, Şəmkir, Göygöl, Ağstafa, Sabirabad və digər rayonlardan, eləcə də Bakı və Gəncə şəhərlərindən olan vətəndaşların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Nazir Samux DAİM-in inzibati binasında yaradılan şəraitlə tanış olub. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən fermerlərə subsidiya, güzəştli şərtlərlə kreditlərin verilməsi, təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə, sığorta hadisəsi zamanı dəymiş ziyanın ödənilməsi və digər məsələlərlə bağlı olub.

M. Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Nazir vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

M. Məmmədov Aqrar İnkişaf Könüllüləri ilə görüşüb, aktiv fəaliyyəti ilə fərqlənən bir qrup könüllüyə sertifikatlar təqdim edib.

Samux DAİM-in binasında Aqrar Xidmətlər Agentliyinin Səyyar Xidmət Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib. Xidmət zamanı etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yeniləri ilə əvəz edilib. "Səyyar Xidmət” qrupu öz fəaliyyətini gün ərzində davam etdirəcək. Nazir səyyar xidmətin təşkili prosesi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.

Qəbuldan sonra M. Məmmədov Samux DAİM-in kollektivi ilə görüşüb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->