Xəbər lenti

Ölkə 13:15 07.12.2023

Məcnun obrazının başqa ifaçıya verilməsi narazılıq yaradıb? (AÇIQLAMA)

Dekabrın 6-da təqdim olunan "Leyli və Məcnun" operası tamaşaçılar arasında narazılıq yaradıb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşımlar edilib. Buna səbəb tamaşada Məcnun rolunda Xalq artisti Mənsum İbrahimovun deyil, başqa ifaçıların rol almasıdır. Tamaşaçılar Mənsum İbrahimovla yanaşı Əməkdar artistlər - Arzu Əliyeva və Təyyar Bayramovu görmək istəyib. Hətta tamaşaçıların bəziləri satılan biletin üstündə Mənsum İbrahimovun adının qeyd edildiyini bildirib. 

Xalq artisti Mənsum İbrahimov Qaynarinfo-ya açıqlamasında baş verənlərdən xəbərsiz olduğunu qeyd edib:

"Mən özüm də dünən tamaşaçı kimi tamaşada olmuşam. Tamaşada Məcnun rolunda müsabiqənin qalibi, Opera və Balet Teatrının solisti Xəyal Hüseynov, Leyli isə Rəvanə Əmiraslanova idi. Onların hər ikisi operanın solistləridir. Mənim adımın bu tamaşanın afişasında Məcnun rolunda yazılmasından məlumatsızam. Çünki yanvar ayının 12-də təqdim olunacaq tamaşada oynayacağam. Tamaşadan sonra səhnəyə çıxdım, onları təbrik elədim və bütün tamaşaçılar da məni gördü".

Mənsum İbrahimov qeyd edib ki, Opera və Balet Teatrında gənclərə geniş yer verilib:

"Onlar da oxumalıdır. Mən özüm Xəyal Hüseynovu bu rola hazırlayırdım. Opera və Balet Teatrının afişası onların adına olub. Heç bir yalnışlığa yol verilməyib”. 

Bahar Rüstəmli


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->