Xəbər lenti

Media aksiyaya başlayır: "PULUMUZU VERİN!"
Ölkə08:31 28.03.2013

Media aksiyaya başlayır: "PULUMUZU VERİN!"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rauf Arifoğlu: “Satılan qəzetin pulunu ala bilmirik”

Sücəddin Şərifov: “Bundan əvvəlki aksiyalarda 2013-cü ilin fevralına qədər problemin aradan qaldırılmasına söz verilmişdi”


“Yeni Müsavat” və “Azadlıq” qəzetinin əməkdaşları “Qasid” mətbuat yayım firması qarşısında aksiya keçirəcəklər.  Səbəb sözügedən firmanın qəzetə yığılıb qalan külli miqdarda borcu ödəməməsidir. “Qasid”in həmin borcu ödəməməsi qəzetlərin fəaliyyətinə ciddi şəkildə ziyan vurub. Buna görə də qəzetlərin kollektivi "Qasid" firması qarşısında aksiya keçirmək qərarına gəlib. Aksiya aprelin 1-də saat 14-də baş tutacaq.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Qaynar.info-ya açıqlamasında deyib ki, rəhbərlik etdiyi qəzetə “Qasid” firmasının kifayət qədər borcu var: “Hər dəfə bizə vədlər verilir. Amma həmin vədlər həyata keçirilmir. Onlar deyirlər ki, pulu ödəməyə imkanlarımız məhduddur. Biz bilirik ki, qəzetimiz kifayət qədər çox satılır. Satılan qəzetin pulunu isə ala bilmirik. Aksiya keçirməklə ölkəyə, dünyaya mesaj veririk. Hər dəfə aksiya keçirdikdən sonra az da olsa, ödəmə edilir. Sonradan yenə də pis vəziyyətdə qalırıq. Faktiki olaraq “Qasid” firmasında kifayət qədər vəsaitimiz ola-ola maaş və başqa ödəmələrdə çətinlik çəkirik".

Baş redaktor əlavə edib ki,  “Azadlıq”qəzeti də aksiyaya dəstək verəcək: ““Yeni Müsavat”ın təşəbbüsü ilə keçirilən aksiyaya “Azadlıq” qəzeti də qoşulacaq. Bundan əvvəlki aksiyanı “Azadlıq” təşkil etdi, biz də qoşulduq”.

“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov da “Qasid” firmasının pulu ödəməməsindən şikayətlənib: “Qasid firmasının bizə xeyli borcu var. Bundan əvvəlki aksiyalarda 2013-cü ilin fevralına qədər problemin aradan qaldırılmasına söz verilmişdi. Artıq mart ayı da yekunlaşmaq üzrədir, heç bir ciddi dəyişiklik yoxdur. Növbəti dəfə aksiya keçirəcəyik. "Qasid" firması qarşısında keçiriləcək aksiyanı “Yeni Müsavat” təşkil edir, biz də qoşulacağıq. Ötən il bizim təşəbbüsümüzlə aksiya keçiriləndə “Yeni Müsavat” da qoşulmuşdu. İndi də “Yeni Müsavat” təşkil edir, biz qoşuluruq. Yəni bu addımla həmrəylik nümayiş etdiririk”.

İlkin
Qaynar.info