Xəbər lenti

Medianın ölümcül ili: 67 jurnalist həlak olub
Dünya 09:38 26.01.2023

Medianın ölümcül ili: 67 jurnalist həlak olub

2022-ci ildə dünyada 67 jurnalist həlak olub. 

Qaynarinfo xəbər verir ki, Jurnalistlərin Müdafiə Komitəsi (CPJ) 2022-ci ili media nümayəndələri üçün ölümcül il adlandırıb. Bu müddət ərzində dünyada ən azı 67 jurnalist və media işçisi öldürülüb.

Bu, 2018-ci ildən bəri ən yüksək göstəricidir və 2021-ci ildən təxminən 50% çoxdur. Həlak olanların əksəriyyəti Ukraynadakı müharibəni işıqlandıran jurnalistlərdir.

Jurnalistlərin Müdafiə Komitəsi 1992-ci ildən bəri bütün dünyada məlumat toplayır və təhlil edir, jurnalistlərin və media işçilərinin ölümlərini araşdırır. Hər bir ölümlə bağlı məlumatlar CPJ məlumat bazasına daxil edilir. Bundan əlavə, komitə itkin düşmüş və ya işinə görə həbsdə olan bütün jurnalistlər haqqında məlumat toplayır.

CPJ qeyd edir ki, 2022-ci ildə ən çox Ukrayna hadisələrini işıqlandıran jurnalistlər ölüb - 15 nəfər.

Bu, komitə belə məlumatları topladıqdan sonra Ukrayna üçün ən yüksək göstəricidir. CPJ ekspertlərinin müəyyən etdiyi kimi, bu jurnalistlərdən 13-ü xəbər hazırlamaq üçün məlumat toplayarkən və ya reportaj zamanı həlak olub. Üstəlik, ölümlərin çoxu Ukrayna ərazisində hərbi əməliyyatların ilk aylarında baş verib.

2022-ci ildə jurnalistlər üçün ən ölümcül bölgə Latın Amerikası olub, burada ümumilikdə 30 jurnalist və media işçisi öldürülüb. Onlardan 13-ü Meksikada, 7-si Haitidə, 4-ü Braziliya və Çilidə, 6-sı Kolumbiya, Ekvador, Qvatemala, Honduras və Paraqvayda həlak olub. Onların hamısı bu və ya digər şəkildə cinayət, korrupsiya, ekologiya problemləri və ətraf mühitin çirklənməsi kimi mövzuları işıqlandırırdı. 

Meksikada 13 jurnalistin ölümü də komitə bu cür məlumatları topladıqdan bəri ölkə üçün bir ildə ən yüksək göstəricidir. CPJ ekspertlərinin məlumatına görə, 1992-ci ildən bəri Meksikada 151 jurnalist və media işçisi öldürülüb. 

Komitə vurğulayır ki, Latın Amerikasında jurnalistlərin müdafiəsi ilə bağlı mövcud mexanizmlər, o cümlədən mövcud qanunlar və jurnalistləri müdafiə edən təşkilatların işi işləmir. Həssas mövzuları işıqlandıran jurnalistlərin şəxsi mühafizəsinin təmin edilməsi belə təminat vermir.

Bundan əlavə, keçən il ABŞ-da 2018-ci ildən bəri ilk peşəkar jurnalist qətli baş verib. Siyasəti, cinayəti və korrupsiyanı işıqlandıran "Las Vegas Review-Journal”ın müxbiri Ceff Herman, departamentdəki vəziyyət haqqında məlumat verdikdən sonra yenidən vəzifəsinə seçilə bilməyən yerli məmur tərəfindən ölümcül yaralanıb. Məmur həbs edilib və qətldə ittiham olunub.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->