Xəbər lenti

Məhbuslar donur, hökumət 15 noyabrı gözləyir - Bakıda
Ölkə13:43 05.11.2014

Məhbuslar donur, hökumət 15 noyabrı gözləyir - Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Artıq havalar soyumağa başlasa da, hökumət ölkə miqyasında istilik sisteminin işə salınması üçün noyabrın 15-ini gözləyir. 

Paytaxt Bakıda sutka ərzində orta temperatur dərəcəsinin 8-10 dərəcə arasında dəyişdiyi bir vaxtda xəstəxanalarda, məktəblərdə, bəzi dövlət idarələrində hələ ki, qazanxanalar işə başlamayıb. Bəzi rayonlara artıq qar yağdığını nəzərə alsaq, dövlət büdcəsindən maliyyələşən qurumlarda istilik sisteminin olmamasının hansı nəticələr doğuracağını təxmin etmək elə də çətin olmaz. 

Paytaxtın əksər məktəblərində sinif otaqları elektrik cihazlarının köməyi ilə qızdırılır. Bu sahədə ən acınacaqlı vəziyyət isə təcridxanalardadır. Beton divarlarla əhatə olunmuş otaqlarda istilik sisteminin olmaması bir çox məhbusların soyuqdan xəstələnməsinə gətirib çıxarıb. Bu haqda vəkil Elçin Sadıqov sosial şəbəkədəki statusunda yazıb. 

“Yeni Müsavat”a açıqlamasında da vəkil E. Sadıqov təcridxanalarda istilik sisteminin işə başlamadığını və beton divarlar arasında cəza çəkən məhbusların səhhətində problemlər yarandığını bildirdi: “Təcridxanalarda istilik sisteminin noyabr ayının 15-dən veriləcək. Noyabrın 15-ə kimi havalar çox soyuqdur və təcridxananın divarları betondandır. İstilik sistemi verilənə kimi xeyli məhbus soyuqlayıb, hazırda bir çoxu təcridxananın tibb bölməsində bununla bağlı müalicə alırlar. Təcridxanalar bir tərəfə, adicə yaşayış binalarına da istilik sistemi verilmir. Hava çox soyuq olduğundan bu insanların sağlamlığına mənfi təsir edir. Bakıda indi orta tempratur 4-8 dərəcə arasında dəyişir. Mən istilik sisteminin olmamasını təcridxanada saxlanılanlarla qeyri-insani rəftar kimi qiymətləndirirəm”. 

"Azəristiliktəchizat" ASC-nin abonent və müştəri xidmətlərinin rəis müavini Əli Əliyev “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, "Azəristiliktəchizat" ASC yalnız istiliyin paylanması ilə məşğul olur  və sistemin nə zaman işə düşəcəyinə isə Nazirlər Kabineti qərar verir: “Adətən hər il noyabrın 15-də istilik sistemi işə başlayır. Ancaq istisna hallarda, havanın temperaturu 8 dərəcədən aşağı düşdükdə istilik sistemi işə başlaya bilər. Bu isə bizdən asılı olan bir məsələ deyil, Nazirlər Kabinetinin qərarı ilə olmalıdır”. 

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli isə bildirdi ki, ümumi qaydaya görə, hər il noyabrın 15-dən istilik sistemləri işə düşür: “Ancaq temperatur aşağı olarsa, istiliyin verilmə qaydası dəyişə bilər. Əgər 3 gün ərzində ardıcıl olaraq, orta sutkalıq temperatur 8 dərəcədən aşağı düşərsə, o zaman respublika ərzində bu haqda sərəncam verilir və istilik sistemi vaxtından əvvəl işə başlayır. Ancaq əgər müəyyən bir bölgədə havada şaxta varsa, qar yağıbsa, o zaman Nazirlər Kabinetinin qərarına ehtiyac yoxdur, həmin bölgənin yerli icra orqanları istilik sistemini işə sala bilərlər. Bəzi məktəblər, dövlət idarələri var ki, onlarda özəl istilik sistemi, qazanxanalar var, onlar temperatur 8 dərəcədən aşağı olduğu təqdirdə bu haqda qərar verə bilərlər. Hələ ki, paytaxtda temperatur 3 gün ərzində 8 dərəcədən aşağı düşməyib və Nazirlər Kabineti bu haqda qərar verməyib. 

Ancaq bəzi bölgələrə hətta qar yağıb və həmin rayonun icra hakimiyyətinin birbaşa vəzifəsidir ki, istilik sistemini işə salsın, məktəblərə, xəstəxanalara, dövlət idarələrinə istilik paylansın. Bu rayonlarda artıq qazanxanalar işə başlamalıdır”. 

Problemə münasibət bildirən Penitensiar Xidmətin Mətbuat Xidmətinin rəhbəri Yaşar İsakov vurğuladı ki, təcridxanalarda istiliyin olmaması ilə bağlı məhbusların istər  vəkilləri, istərsə də ailə üzvləri Penitensiar Xidmətə müraciət edə bilərlər: “Vəkillərin hüquqları var ki, bu kimi hallarda Penitensiar Xidmətə müraciət etsinlər. Problemə gəlincə, bunu araşdırdıqdan sonra sizə dəqiq cavab verə bilərəm”. 

Qaynar.info