
Sevinc Çılğın
Qarşıdan Məhərrəmlik ayı gəlir. Heç vaxt bu qədər sevinməmişdim. Bu o deməkdir ki, yaxın iki ay ərzində toy olmayacaq. Bu o deməkdir ki, Zahir iki ay rahat nəfəs alacaq, Sevincin yeni paltar almaq, salona tələsmək qayğıları olmayacaq, tıxaclardan zor-güc qurtulub, şadlıq evlərinə gecikməyəcəyik.
Bu həm də o deməkdir ki, teatr "həvəskarı" olan camaatımız məscidlərə axışacaq. Şoular təşkil olunacaq. Gözümüzü açandan eşitdiyimiz, əzbər bildiyimiz şeirləri, oxşamaları yenidən, dönə-dönə eşidəcəyik.
İlin on ayını yeyib-içən oğlanların qara ciyəri spirtə fasilə verəcək. Yüzlərlə səmimi və qeyri-səmimi müsəlman əsrlərdir davam edən ənənəyə sadiq qalacaq. Yenə zəncirlər vurulacaq, uşaqlar kimin kürəyi daha çox göyərib, kimin səsi tutulub, kim daha çox "ya Hüseyn" qışqırıb deyə mübahisə edəcək.
Olsun... Amma mən başqa bir şeyi xatırladım...
Mən uşaq olanda evimizdə məhərrəmlik oxunardı. On gün, yaxud beş gün çəkərdi bu günlər. Ya qadınlarla, ya da kişilərlə edərdik. Məhəllənin qadınları on gün boyunca bizə yığışar, məclis qurular, molla gələr, dini söhbətlər edilər, Quran oxunar, nohələr söylənərdi. Vəyirdlər mollaya qoşular, o nohələri əzbərləyərdik. Hər gün çay, halva, xurması-qəndi, ancaq sonuncu gün böyük ehsan verilərdi.
Və beləliklə, ilin bir neçə günü məhəllələrdə qadınlar, yaxud kişilər daha çox yaxınlaşar, sosiallaşardılar. İnsanlar daha çox ünsiyyətdə olardılar.
Yenə də sosiallaşacağıq. Ancaq facebookda. İndi dini paylaşımlar çoxalacaq, şiə-sünnü söhbətləri qabaracaq, içində Allah qorxusu olan adamlar "like" etmədən keçməyi günah bilib bəyənəcəklər. Və biz virtual olaraq imamlara yas tutacağıq.
Yadımdadı ki, o vaxtlar məhərrəmlik aylarında qadınlar gözəllik salonlarına da getmirdilər. Üz-qaş aldırmaq, saç boyamaq günah sayılardı. Təmizlik işlərindən imtina edərdilər. Öz aləmlərində Kərbəla şəhidlərinin matəmini saxlayardılar. Aşura günlərində nənəm səhər on ikiyə qədər qoymazdı əlimizə sabun alaq. Qətlin sınmasını gözləyərdik. Səhər yeməyi də olmazdı. Ancaq on ikidən sonra Aşura gününə özəl bişirilmiş hədiylə mədəmizi sevindirərdik. Və yenidən Fatimə anamızın hədiy hədisini dinlərdik.
Elə həmin gün də qapımızda samovar qaynadardılar, nənəm halva çalar, çay ehsanı verilərdi. Axşam şam-ı qəriban deyilən vaxtda məscidə gedər, bir-birini itələyə-itələyə, sıxa-sıxa, sürtülə-sürtülə məhəllə camaatının dövrə vurub ağı demələrini dinlər və beləliklə, günahlarla dolu məhəllənin günahları yuyulardı.
Bütün bunları xatırlayan adamların ən kiçiyi yəqin ki, mən yaşdadır. O tamaşalar səngiyə-səngiyə azaldı, kiçildi və sıradan çıxmaq üzrədir. Həyatımıza real şoular girəli qurulmalardan uzaqlaşdıq, reallaşmağa doğru yol aldıq. İndi də tək-tük - kəndlərdə, kiçik qəsəbələrdə bu ayinlər icra olunur. Sonuncu dəfə Lənkəranda gəlin olduğum kənddə "Təkyə" məclisinə getdim. Uşaqlığımı yad etmək istədim.
Bilmirəm, bəlkə də, yanılıram, amma nəsə xoş bir şey vardı o məclislərdə...nəsə xoş bir şey...
teleqraf.com