Xəbər lenti

Məhkəmə Ömər Məmmədovu həbsdə saxladı
Ölkə11:27 03.02.2014

Məhkəmə Ömər Məmmədovu həbsdə saxladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fevralın 3-də Bakı Apellyasiya Məhkəməsi narkotik vasitə saxlama ittihamı ilə tutulmuş bloqçu Ömər Məmmədov barəsində 3 aylıq həbs qətimkan tədbirindən verilən şikayətə baxıb.

Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli “Media forum” saytına deyib ki, proses qapalı keçirilib: “Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə Ömər Məmmədov da iştirak edib. O, ittihamları qəbul etməyib. Bütün verilən sübutlara baxmayaraq hakim Nərimanov Rayon Məhkəməsinin Ömər Məmmədov haqqında çıxardığı həbs qətimkan tədbirini qüvvədə saxlayıb”.

Samir Əsədlinin sözlərinə görə, Ömər Məmmədovun saxlanma şəraitindən narazılığı yoxdur, psixoloji durumu normaldır.

Ömər Məmmədov yanvarın 24-ü Bakıda saxlanıb. Mülki geyimli şəxslər onu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparıb. İstintaqın məlumatına görə, onun üstündən 6 qram heroin götürülüb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ömər Məmmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. O, Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında saxlanılır.

1995-ci ildə Bakıda anadan olan Ömər Məmmədov Şimali Kipr Türk Respublikasında yerləşən Beynəlxalq Kipr Universitetinin tələbəsidir. Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. 2013-cü ildə bir qrup gənclə “Axın” hərəkatını təsis edib.

Qaynar.info