Xəbər lenti

Məhkəmə qətnamələrinin icrasında yaranan problemlər - MƏQALƏ
Ölkə08:36 24.05.2016

Məhkəmə qətnamələrinin icrasında yaranan problemlər - MƏQALƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Həsən Həsənov
Hüquqşünas


Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

Məhkəmə qərnaməni Azərbaycan Respublikasının adından çıxarır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası məcburidir. Məhkəmə qətnaməsinin məcburiliyi belə izah edilə bilər ki, onun bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, eyni zamanda həmin orqanların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, onların vəzifəli şəxsləri, eyni zamanda fiziki və hüquqi şəxslər üçün məcburi xarakter daşıyır.

Bu fikirlərə nəzəri cəhətdən çox əlavələr etmək olar. Lakin konkret olaraq təcrübəmdə rastlaşdığım mövzular ətrafında məsələyə aydınlıq gətirmək istərdim. Qeyd edim ki, məhkəmə qətnaməsinin icrasını icra məmuru həyata keçirir. Lakin qeyd edim ki, son zamanlar kifayət qədər işini bilməyən icra məmuru ordusu yaranıb ki, bu da məhkəmə qətnaməsinin onsuzda çətin olan icra mexanizmini bir az da çətinləşdirməkdədir.

Təsəvvür edin ki, bank kredit borcunun qaytarılması tələbi ilə məhkəmədə iddia qaldırıb. Bank əsas borcu, faizləri və cərimə borcunu tələb edir və tələbin girova yönəldilməsi, girovun satılaraq borcun ödənilməsi, əgər girovun satışından əldə edilən vəsait kredit borcunun ödənilməsi üçün kifayət etmirsə qalan borcun cavabdehlərə yönəldilməsinə dair qətnamə çıxarılmasını tələb edir.

Məhkəmə araşdırmaları zamanı tələbin sadəcə girova yönəldilməsinə, girovun satışından əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsinə və iddianın qalan hissədə rədd edilməsinə nail olsam da, iddiaçı qətnaməni belə başa düşür ki, əgər girov predmetinin satışından əldə edilən vəsait kredit borcunun ödənilməsi üçün kifayət etmirsə borcun qalan hissəsi borcludan tutulmalıdır. Halbuki icraçının belə bir diskression səlahiyyəti yoxdur. İcra məmuru ona verilmiş icra vərəqəsinə uyğun olaraq qətnamənin icrasını təmin etməklə görəvləndirilmiş şəxsdir. İcra məmurunun belə qanunsuz əməllərindən dərhal şikayət verilməli, eyni zamanda həmin qətnaməni qəbul etmiş məhkəməyə, əgər qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilməyibsə qətnaməyə izah verilməsinə dair ərizə ilə müraciət etmək olar. İcraçı bunu özü də edə bilər.

İcra haqqında qanunun 14-cü maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Məhkəmə və ya digər orqan icra məmurunın ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və zərurət olduqda, icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Lakin icraçı bunu etmirsə təbii ki, maraqlarına toxunduğu üçün tələbkar tərəfin də bunu edəcəyi ağlabatan deyil. Deməli işdə cavabdeh (borclu) olan tərəf qətnamənin izah edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməlidir. Qanunvericilik işdə iştirak edən şəxslərin hər biri üçün bu imkanı tanıyır.

Həmçinin qətnamə çıxarılarkən məhkəmənin həll etməli olduğu məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məsəcəlləsinin (AR MPM) 218-ci maddəsində belə təsbit edilib ki, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Təcrübəmdə daha bir maraqlı faktla rastlaşmışam. Bank müəssisəyə qarşı kredit borcunun qaytarılması və tələbin girov predmeti olan istehsal kompleksinə yönəldilməsinə dair iddia qaldırır. Qeyd edim ki, banka kreditin təminatı olaraq sadəcə müəssisənin balansında olan əsas vəsaiti, yəni zavodun yerləşdiyi torpaq sahəsi və üzərindəki tikililər girov qoyulmuşdur.

Məhkəmə iddianı təmin edir və qətnamədə təsbit edilir ki, kredit borcunun ödənilməsi üçün tələb kreditin təminatı olan girov predmetinə, yəni müəssisənin əsas vəsaiti olan istehsal kompleksinə yönəldilsin. İcraçı isə qətnamənin icrasına bütövlükdə istehsal kompleksinin fəaliyyətinin dayandırılması ilə nəticələnəcək tədbirə əl atmaq istəyirdi. Halbuki həmin istehsal kompleksinə daxil olan istehsal sahələri müxtəlif fiziki şəxslərə icarəyə verilmiş, həmin sahələri icarəyə götürənlər orada öz avadanlıqlarını yerləşdirmış və fəaliyyət göstərmişlər. Bununla bağlı məhkəməyə təqdimat verən icraçı təbii ki, atdığı addımın qətnamədə öz əksini tapmış müddəalara zidd olduğunu sonda başa düşdü. Biz təqdimatın rədd edilməsinə nail olduq. Sübut etdik ki, icraçı qətnamənin icrasını düzgün həyata keçirmir. Belə ki, zavodun ərazisində, eyni zamanda istehsal sahələrində quraşdırılmış avadanlıqlar banka girov qoyulmayıb və kredit borcu tələbinin bütövlükdə həm müəssisənin əsas vəsaiti olan tikililərə, həm də orada quraşdırılmış avadanlıqlara şamil edilməsi qətnaməyə ziddir. Belə hallarla rastlaşdığınız anda icra məmurunun hərəkətindən və ya hərəkətsizliyindən şikayət verməklə, məsələnin həllinə nail ola bilərsiniz.

Qaynarinfo.Az