Ölkə 17:12 29.06.2022

Məhkəmə Ramin Hacılının vəsatətini təmin etmədi

Dələduzluqda təqsirləndirilən Ramin Hacılının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qaynarinfo xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Ramin Hacılı vəsatət qaldıraraq məhkəmənin təxirə salınmasını tələb edib.

O bildirib ki, artıq 5 gündür aclıq aksiyası edir və buna görə də özünü yaxşı hiss etmir. Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmdə ifadə verən şahidlər Kamran Abbaszadə, Fərman Həsənov və Kənan Tağıyev təqsirləndirilən şəxsdən şikayətçi olmadıqlarını deyiblər.

Onların sözlərinə görə, onlar "Şengen" vizası almaq üçün 250 manatdan 2 min 500 manata qədər pul veriblər: "Ramin Hacılı verdiyi vədi yerinə yetirib. Ondan heç bir tələbimiz yoxdu".

Məhkəmənin növbəti iclası iyulun 6-na təyin edilib.

Qeyd edək ki, Ramin Hacılı qanunsuz miqrasiyada ittiham olunur. R.Hacılı və bir qrup şəxs Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) maddəsi ilə təqsirləndirilərək istintaqa cəlb olunublar. Sonradan digər şəxslər azadlığa buraxılsa da, R.Hacılının işi ayrıca icraata verilib.