Xəbər lenti

Məktblərin ölüm saçan bufetləri: Fəaliyyəti yalnız kağız üzərində olan qurumlar...
Ölkə08:46 07.04.2023

Məktblərin ölüm saçan bufetləri: Fəaliyyəti yalnız kağız üzərində olan qurumlar...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Dövlət orta ümumtəhsil məktəblərində bufetlərdə vəziyyət qənaətbəxş deyil. Çox təəssüflər olsun ki, Elm və Təhsil Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsi öz maddi maraqlarına görə gələcəyimiz olan şagirdlərin həyatlarını təhlükəyə atır”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov məktəb bufetlərində satılan qidalarla bağlı yoxlamaların aparılmamasının səbəblərinə aydınlıq gətirərkən deyib. 
Ekspert 2011-ci ildə Nazirlər Kabinetinin təhsil müəssələrində gigiyenik qaydalarla bağlı imzaladığı və Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təhsil müəssisələrində satışa icazə verilən qidalarla bağlı xüsusi göstərişlərinin olduğunu vurğulayıb:
"Bunlar ilk növbədə məktəbdə təhsil alan şagirdlərin sağlamlığının qorunmasına yönləndirilib. Təəssüf ki, ümumtəhsil müəssisələrindəki bufetlərdə bu normalar gözlənilmir. Yağda qızardılmış, iy verən, hətta tez xarab olan məhsullardan istifadə olunur. Hesab edirəm ki, bu sahədə yoxlamaları dayandırmaq yox, əksinə, ciddi şəkildə həyata keçirmək lazımdır. Çünki qidalanma birbaşa təhsilə təsir göstərən amillərdən biridir”.
Kamran Əsədov deyir ki, 4500-dən çox ümumtəhsil məktəbində şagirdlərə bufetlərdə sağlamlığa birbaşa zərər vuran məhsullar satılır:
"Oradakı məhsullar heç bir səhiyyə qurumları tərəfindən yoxlanılmır. Bu məsələ xüsusilə diqqətdə saxlanmalı və qadağan olunmuş qidaların, içkilərin bufetlərdə satılmasına icazə verilməməlidir. 2022-2023 tədris ilində bir neçə məktəbdə zəhərlənmə hadisəsi baş verib. Bu hadisələrin təkrarlanmaması üçün orada satılan məhsullar mütləq şəkildə yoxlamalardan keçməlidir.  
Təəssüflər olsun ki, bu qurumların fəaliyyəti yalnız kağız üzərindədir. İndiyə kimi həmin assosiasiyaların məktəb bufetlərinə satılan hansısa zərərli qidanın satışına qadağa qoyduğunu müşahidə etməmişik. Açığı, bufetlər məktəb direktoruna və aidiyyatı qurumlara müəyyən məbləğ ödədiyi üçün onların dırnaqarası fəaliyyətinə göz yumulur”.
Kamran Əsədov bufetlərin nəzarətə götürülməyinin vacibliyini vurğulayıb:
"Fəaliyyəti qənaətbəxş olmayan müəllim-valideyn assosiasiyaları buraxılmalı və həqiqətən də vətənini sevən, şagirdin, təhsilin gələcəyini düşünən şəxslər rəhbərliyə cəlb edilməlidir".
Qeyd edək ki, aprelin 6-da Bakıda 20 saylı məktəbdə kütləvi zəhərlənmə hadisəsi baş verib.
Bahar Rüstəmli