"Məktəb bu virusun şıltaqlığından büdrəmədi”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Etibar Əliyev pandemiya dövrünün son zəngindən danışarkən deyib. Onun sözlərinə görə, insan ömrünün böyük hissəsini məktəb həyatı, məktəb haqda fikir və qayğılar tutur:
Etibar Əliyev
"Məktəb həyatımızın ahəngini təyin edir. Məktəb həyatının nəbzinin vurmasından biz cəmiyyətin vəziyyətinin necə olduğunu sezirik. Məktəb həyatı ilə cəmiyyətin sağlamlığı arasında sıx əlaqə var. Xəstə cəmiyyət mütləq məktəbi də yoluxdurur, xəstə məktəbdən isə bu viruslar gələcək nəsillərə keçir. Xəstə valideyn hər şeydən əvvəl öz övladını yoluxdurmamaq haqda düşündüyü kimi, cəmiyyət də hər şeydən öncə məktəbi dövrün sosial xəstəliklərindən qorumaq barəsində düşünməlidir. Məktəbi xilas edən cəmiyyət öz gələcəyini xilas etmiş olur. Məktəbi sosial xəstəliklərdən qorumaqla yanaşı, virusdan da qormağa var gücümüzlə çalışdıq. Məktəb bu virusun şıltaqlığından büdrəmədi”.
Deputat qeyd edib ki, pandemiya dövrünün son zəngi hər bir şagirdin yaddaşlarına həkk olunacaq:
"Əsas odur ki, sağlam olaraq gələcəyə addımlar atacaqsınız. Sizə çətin vəziyyətdə belə miras kimi təqdim olunan biliklərin qədrini bilin, ona öz töhfələrinizi verin. Mövcud vəziyyət sizlərin üzərinə həm də dayanmadan çalışmaq kimi mühüm bir vəzifəni qoydu. Son zənginiz mübarək”.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə virtual "Son zəng” keçirilib. Son zəngi Təhsil naziri Ceyhun Bayramov çalıb.
Tədbir iki yerli televiziya ilə yanaşı, "Mədəniyyət” kanalı və TV-nin rəsmi "Facebook” səhifəsi üzərindən canlı yayımlanıb. Onu da qeyd edək ki, bu il 80 646 şagird məzun olub.
Bahar Rüstəmli