Xəbər lenti

Məktəbdə könüllü ianə yığımında hansı model daha məqbuldur? - Ekspert
Ölkə09:59 27.04.2022

Məktəbdə könüllü ianə yığımında hansı model daha məqbuldur? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bunun üçün ilk növbədə cəmiyyətin münasibəti öyrənilməli və onun razılığı alınmalıdır. Digər tərəfdən, sahibkarlar təhsilə pul xərcləməyə həvəsləndirilməlidir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Emin Məhərrəmov valideynlərin orta məktəblərə könüllü şəkildə ianə vermələri üçün hansı modelin daha məqbul olması barədə sualı cavablandırakən deyib:
"Təhsilin qiymətləndirilməsilə bağlı beynəlxalq müstəvidə əldə etdiyim təcrübə göstərir ki, burada ilk növbədə əhalinin təhsilə münasibətinə önəm verməliyik. Digər tərəfdən, burada müəllimin öz işinə münasibəti mühüm rol oynayır”.
Həmsöhbətimizin fikrincə, orta məktəblərdə könüllü ianə yığımı zamanı tətbiq ediləcək modellər hər bir məktəbin xüsusiyyəti nəzərə alınmaqla müxtəlif kateqoriyalara uyğun olaraq seçilməlidir:
"Məsələn, kənd məktəblərində yerli icma münasibətlərinə uyğun olaraq, şəhərdə isə digər metodlardan istifadə etməklə yararlanmaq olar. Bütün hallarda burada əsas məsələ ictimaiyyətin tutacağı mövqedən asılıdır. Valideynlər qəbul etmədiyi təqdirdə, məktəblərə könüllü ianə verilməsini tətbiq etmək ümumiyyətlə olmaz. Sloveniyadakı kəndlərin birində dərs prosesində iştirak etmişdim. Bu ölkənin kənd məktəblərində kəndin rəhbəri, məktəb direktoru və kəndin tanınmış şəxsləri məktəbin büdcəsinin dəqiqləşdirilməsində iştirak edirlər. Ona əlavə olaraq kənddə sahibkarlıqla məşğul olanlar da könüllü şəkildə hərə bacardığı qədər məktəbin kassasına pul köçürürlər. Əsas odur ki, bu sahibkarlar uşağın təhsilinə pul xərcləməyin vacib olduğunu başa düşürlər”.
Bununla yanaşı, ekspert qeyd edir ki, bu məsələ ətrafında danışmaq rahat, amma həmin istiqamətdə hansısa bir modeli həyata keçirmək olduqca çətindir.
Rüfət Sultan