Xəbər lenti

Məktəbəhazırlıq qrupları: tətil günləri açıqlandı
Ölkə17:16 26.08.2019

Məktəbəhazırlıq qrupları: tətil günləri açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məktəbəhazırlıq qruplarına qəbul üçün ərizələrin onlayn qeydiyyatı respublika üzrə dövlət ümumi təhsil, o cümlədən məcburi köçkün məktəbləri və ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edir.
Bu barədə Qaynarinfo-ya Təhsil Nazirliyindən məlumat verilib. Nazirlik tərəfindən 2020-ci dərs ili üçün məktəbəhazırlıqla bağlı ən çox verilən suallara aydınlıq gətirilib:
"Məktəblərdə təşkil olunmuş məktəbəhazırlıq qruplarına məktəbin yerləşdiyi ərazidə yaşayan və həmin ildə 5 yaşı tamam olan (2014-cü il təvəllüdlü) uşaqlar qəbul edilir. Yaşayış ərazisindəki məktəbdə məktəbəhazırlıq qrupu təşkil olunmadığı halda, uşaqlar digər məktəbdə yaradılan məktəbəhazırlıq qrupuna qəbul edilə bilər.
Yalnız Bakı şəhərinin bir sıra ümumi təhsil məktəblərində məktəbəhazırlıq qruplarına qəbul ərazi prinsipi əsasında aparılır. Digər rayon və şəhərlərdə ərazi prinsipi tətbiq olunmur. Məcburi köçkün məktəblərindəki məktəbəhazırlıq qruplarına yalnız məcburi köçkün ailələrindən olan uşaqlar qəbul edilir.
Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün
- Azərbaycan Respublikasının vətəndaşları üçün - valideynin şəxsiyyətini təsdiq edən sənədin, uşağın doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsinin əsli və surəti;
- Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün Azərbaycan Respublikasının 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi;
- Xarici ölkə vətəndaşları üçün - valideynin xarici pasportu, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti;
- Digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi;
- Uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U);
- 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;
- Valideynin (qanuni nümayəndənin) https://mektebeqebul.edu.az/az/ saytında yaradılmış "Şəxsi kabinet”indən çap olunmuş "Ərizə” təqdim edilməlidir”.
Məlumatda məktəbəhazırlıq qruplarına elektron sənəd qəbulu sistemindən istifadə üçün ödəniş tələb olunmadığı, təhsilin dövlət tərəfindən həyata keçirildiyi bildirilib:
"Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir.
Valideyn (qanuni nümayəndə) elektron sistemdə seçdiyi məktəbə sorğu yerləşdirməlidir. 2019-2020-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına sənəd qəbulu zamanı valideyn digər dildə tədris aparılan bölməni seçdiyi zaman uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsinə ehtiyac yaranmır. Uşağın məktəbəhazırlıq qruplarında təhsil almasından asılı olmayaraq 1-ci sinfə qəbul zamanı həmin uşaq üçün digər dildə tədris aparılan bölmə seçilərsə, uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilmiş müsahibədə iştirakı mütləqdir”.
Rəsmi məlumatda məcburi köçkünlərlə bağlı suallar da cavablandırılıb:
"Məcburi köçkün ailəsindən olan vətəndaşa dair məlumatlar tapılmırsa, seçilmiş uşağın məlumatları "Vahid Aylıq Müavinətlə Bağlı Elektron İnformasiya Sistemi"ndə tapılmırsa, vətəndaş daimi qeydiyyatda olduğu rayon icra hakimiyyətinə, yaxud məcburi köçkün vəsiqəsi ilə birlikdə Alternativ Qeydiyyat mərkəzlərinə müraciət etməlidir.
Bakıda ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə, həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər. Həmin valideynlərə müvəqqəti və ya qeydiyyatsız yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur. Onu da qeyd edək ki, kirayədə yaşayan valideynlər ərazi prinsipi tətbiq olunmayan bütün məktəblərdə övladlarını məktəbəhazırlığa elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.
Elektron qeydiyyat zamanı valideynə yalnız bir məktəb seçərək sorğu yerləşdirmək imkanı yaradılır. Valideyn məktəb seçdikdən sonra fikrini dəyişərsə, şəxsi kabinetə daxil olaraq yerləşdirilmiş sorğunu silib yenidən məktəb və müəllim seçə bilər. Valideyn məktəb tərəfindən sistemdə təsdiq vurulduqdan sonra sorğusunu ləğv edə bilməz. Yalnız məktəb tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda başqa məktəb seçimi edə bilər.
Qaydalara uyğun olaraq, məktəbəhazırlıq qruplarında məşğələlərin hər il oktyabrın 1-də başlaması nəzərdə tutulur. Valideynlər oktyabrın 1-dən övladını məktəbə gətirməlidir.
Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşaq məktəbəhazırlıq qrupuna qəbul olunmaya bilər”.
Nazirlik məktəbəhazırlıq qruplarında dərs ilinin iki yarımilə bölündüyünü bildirib:
"I yarımil: 1 oktyabr-26 yanvar, II yarımil: 1 fevral-31 may tarixlərini əhatə edir. Tədris müddətində şagirdlərə 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar), 5 gün əlavə tətil (1-5 may) veriləcək.
Məktəbəhazırlıq qruplarında "Ətraf aləmlə tanışlıq”, "Savad təliminə hazırlıq və nitq inkişafı”, "Bədii təfəkkürün inkişafı”, "Məntiqi və riyazi təfəkkürün inkişafı”, "Təsviri fəaliyyət”, "Musiqi” və "Fiziki mədəniyyət” dərs məşğələləri tədris ediləcək.
Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqlar üçün məktəbli forması tətbiq edilmir. Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərəcək”.