Bir neçə gün əvvəl ölkədə yağan güclü qarın fəsadları hələ də aradan qaldırılmayıb. Təbiət hadisəsindən ən çoх ziyan çəkən rayonlardan biri olan Salyanda hələ də problemlər davam edir. Bəzi kəndlərdə elektrik enerjisinin verilişi bu günə qədər bərpa olunmayıb.
Qar Salyanda yaşayış evləri ilə yanaşı, hökumət binalarına və iaşə obyektlərinə də ziyan vurub. Belə obyektlərdən biri də rayonun Seyidsadıqlı kəndində yerləşən Ağalar Bağırov adına orta məktəbdir. Kənd sakinlərinin Qaynar.info-ya verdiyi məlumata görə, qarın ilk günündə məktəbin damı uçub. Lakin bu günə qədər dam örtüyü bərpa olunmayıb.
Sakinlər bildirir ki, hadisədən sonra Təhsil Şöbəsinin və İcra Hakimiyyətinin nümayəndələri məktəbə baхış keçirib. Əsl həngamə də bundan sonra başlayıb. Belə ki, dəyimiş ziyan hesablandıqdan sonra nümayəndələr dirketora "məktəbin damını özün təmir etdir" deyiblər. Dirketor isə buna maddi imkanının çatmadığını bildirib. Məhz bu səbəbdən kənd məktəbinin damı hələ də təmir olunmayıb.
Qaynar.info