Xəbər lenti

Məktəblərdə sıxlıq yaşanır: səbəb nədir?
Ölkə16:01 09.01.2020

Məktəblərdə sıxlıq yaşanır: səbəb nədir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ekspert: "Yeni binaların yaxınlığında modul tipli məktəblər tikməklə, şagird sıxlığını və məktəb problemini həll etmək mümkündür”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən bir sıra məsələlərə, o cümlədən məktəblərlə bağlı problemə toxunub. 
Prezident bildirib ki, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərinin və digər şəhərlərimizin Baş Planı tərtib edilməlidir: "Çünki əhalimiz artır, iqtisadi fəallıq, sənaye artır və artmalıdır. Biz son illərdə 3200-dən çox məktəb tikmişik. Ancaq hələ də məktəblər var ki, orada uşaqlar üç növbədə oxuyurlar. Nəyə görə? Çünki əhali artır. Müstəqillik dövründə əhali üç milyon artıb. İndi bəzi yerlərdə yeni məktəb tikintisi üçün yer tapa bilmirlər. Ona görə mən tapşırıq vermişəm və aidiyyəti qurumlar bu işlərlə çox ciddi məşğuldurlar, xüsusilə Abşeron rayonunda - orada böyük problemlər var. Üç növbədə oxuyan uşaqlar var. İndi yeni məktəblər üçün yer axtarırıq və bu da çox ciddi bir prosesdir. Yəni, artan əhali bütün infrastruktura artan yük deməkdir - həm nəqliyyata, həm sosial infrastruktura, həm də ictimai zonaların fəaliyyətinə. Ona görə siz işləri Baş Plan əsasında qurarkən mütləq perspektivi də nəzərdə saxlamalısınız, çünki əhalimiz bundan sonra da artacaq”.
Musavat.com-a danışan ekspert Kamran Əsədov bildirib ki, hazırda ölkədə 4447  ədəd orta ümumtəhsil məktəbi var: "Bunun isə 3300-ə yaxına 11 illikdir. Digərləri isə ibtidai  və 9-cu sinfə qədər olan məktəblərdir. Bu məktəblərimizdə isə 1.6 milyona yaxın şagird təhsil alır. Rəqəmlər onu deyir ki, Azərbaycanda dünya ölkələrindən fərqli olaraq məktəblə əhatə olunma 100 faiz təmin edilib. Ancaq bu, heç də o demək deyil ki, şagirdlər məktəbin infrastrukturundan genişliklə, tam şəkildə istifadə edə bilirlər. Şagird sıxlığı olan kifayət qədər məktəblər var. Bu, onunla əlaqədardır ki, Bakı və ətrafındakı ərazilərdə şagirdlərin sayı kifayət qədər çoxdur. Məsələn, Binə və ətrafında yerləşən ərazilərdə 6 məktəb varsa, əlavə 3-4 məktəbə də ehtiyac var. Eyni zamanda Mərdəkan, Buzovna, Qala qəsəbəsi, Abşeron rayonunun ərazisində son illər ərzində ölkədəki sosial-iqtisadi inkişafın nəticəsi olaraq məskunlaşma sayı hədsiz dərəcədə çoxdur. Bakı şəhəri üzrə hal-hazırda 320 orta ümumi təhsil məktəbi var. Bu, 1.5-2 milyon sakin üçün nəzərdə tutulmuşdu. Ölkədəki iqtisadi inkişaf nəticəsində vətəndaşların sayı da artıb. Məktəblərin sayı isə dəyişməz qalıb. Təəssüf ki, bələdiyyə və icra nümayəndələri torpaq sahələrini daha çox yaşayış sahəsi kimi satıb, istifadəyə verirlər. Bu zaman isə yaşayış sahələrinin sayı çoxalsa da, orada məktəb, xəstəxana, poçt, uşaq bağçası kimi vacib olan obyektlər tikilmir. Təəssüf ki, Bakı ətrafındakı ərazilərdə tikintilər yalnız yaşayış üçündür. Ona görə də bu kimi məktəb problemi yaranır, şagird sıxlığı müşahidə edilir. Bundan əlavə ölkədə kifayət qədər kadrlar olsa da, məktəblərin azlığı onlarında işinə maneə olur”.
Ekspert bildirib ki, Abşeron və Bakının qəsəbələrində bir sinifdə 54-57 şagird olur: "Ən az şagird olan məktəb siniflərində 39-44 şagird olur ki, bu da kifayət qədər böyük rəqəmdir. Çünki siniflərin sayı şagird tutumlarından azdır. Buna görə də məktəb tikintisinə böyük ehtiyac var. Bundan əlavə isə 1-2 mərtəbəsi olan məktəb binaları 3-4 mərtəbəli tikilməlidir. Çünki bir çox məktəblər sovetlər dönəmində, daha az şagirdin olduğu ərəfədə tikilib. Hazırda onların həm istifadə müddəti bitib, həm də həmin məktəblərin bir çoxu artıq qəzalı vəziyyətdədir. Bu kimi məktəblər 4 mərtəbəli məktəblə əvəz edilərsə, problem aradan qalxar. Təəssüf ki, məktəblərin yaxınlığında olan torpaq sahələrini də icra hakimiyyəti orqanları, bələdiyyələr satıblar. Əlavə korpus tikmək lazım olduğu halda, yer tapılmır. Cənab prezident bu məsələdə olduqca haqlıdır. Çünki Azərbaycanda təhsil icbaridir və hər kəsin yaxşı təhsil alması üçün dövlət tərəfindən bütün imkanlar yaradılıb. Ancaq biz görürük ki, bu sahədə dövlət orqanlarının fəaliyyəti yetərli deyil. Hesab edirəm ki, mütləq şəkildə bütün yaşayış massivində öncə sosial proqnozlaşdırma həyata keçirilməlidir. Yəni 3-5 il sonra burada yaşayan insanların sayı nəzərə alınmaqla, infrastruktur layihələri həyata keçirilməlidir. Biz bilirik ki, ölkədəki sosial-iqtisadi inkişafın nəticəsində Bakı ətrafında olan kəndlərdə bundan sonra daha çox sakinlər yaşayacaq. Eyni zamanda paytaxtın mərkəzində də 1700-dən yuxarı çoxmərtəbəli bina tikilir. Onların da hər birində sakin yaşayarsa, təbii ki, bu binalara yaxın ərazilərdə şagird sıxlığı yaşanacaq. Bu gün Xətai, Nəsimi, Nərimanov rayonlarında hədsiz dərəcədə çox şagird sıxlığı var. Çünki orada hündürmərtəbəli binalar tikilir. Məskunlaşmadan sonra orada məktəb problemi baş verir. Düşünürəm ki, binalar tikildikcə onların yaxınlığında modul tipli məktəblər tikməklə, şagird sıxlığını və məktəb problemini həll etmək mümkündür”.