“İstehlak bazarında saxta və işbazlar tərəfindən baha qiymətə satılan məktəbli formaları var. Odur ki, insanlar məktəbli formaları alanda diqqətli olmalıdırlar”.
Qaynar.info-nun verdiyi məlumata görə, bunu Hafta.az-a “Bakı Tikiş Evi” satış şöbəsinin rəisi Etibar Əzimov deyib.
Onun sözlərinə görə, Azərbaycan bazarda yer alan keyfiyyətsiz məhsullardan hazırlanan məktəbli formaları əsasən Çin istehsalıdır. E.Əzimov həmçinin deyib ki, bəzi işbazlar məktəbli formalarını “Bakı Tikiş Evi”nin məhsulu adı altında satırlar: “Bəzən vətəndaşlar bizə müraciət edirlər ki, “Bakı Tikiş Evi”nə məxsus 40 manatlıq paltar 45, 65 manata satılır. Bəzi işbazlar bizim fabrikin adından istifadə edirlər. Onların satdığı formalar saxtadır. Əhali saxta məhsuldan qaçmaq üçün diqqətli olmalıdır. Gigiyenik sertifikatı olmayan, mənşəyi bilinməyən, saxta məktəbli formaları allergiyalara və digər fəsadlara səbəb ola bilər”.
O, belə neqativ hallarla bağlı İqtisadi İnkişaf Nazirliyinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, həmçinin yerli icra orqanlarına müraciət olunduğunu söyləyib.
E.Əzimov əlavə edib ki, BTE-nin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumilikdə 22 satış mərkəzi fəaliyyət göstərir: “Məktəbli formalarının hazırlanması hazırda da davam etdirilir. Avqust ayı ərzində 21 min məktəbli forması satılıb. Ondan bir az əvvəl isə məktəbli iki min forma satılıb”.
BTE-nin şöbə müdiri onu da vurğulayıb ki, kifayət qədər material və hazır forma ehtiyatları var və ona görə də məktəbli forması qıtlığı olmayacaq. O, hazırda avqustun 20-dən sonra BTE-nin satış mərkəzlərində sıxlıq müşahidə olunduğunu deyib. O ki qaldı sıxlığın aradan qaldırılması və əhalinin əlçatanlığının təmin olunması üçün ucqar rayonlarda da satışın təşkil olunmasına, E.Əzimov deyib ki, bu istiqamətdə də işlər gedir: “Bəzi rayonlar müraciət edib və biz orda mağazalar açmışıq. Məsələn, Qubada, Lənkəranda mağazalar açmışıq. Əgər hansısa rayondan aidiyyəti qurumlar müraciət etsələr, orda da mağaza aça bilərik. Bu barədə problemimiz yoxdu, 850 nəfər işçimiz fəaliyyət göstərir və texniki imkanlarımız var ki, işimizi genişləndirək. Onu da qeyd edim ki, “Bakı Tikiş Evi”nin istehsalı olan I sinifdən VI sinif şagirdlər üçün nəzərdə tutulan məktəbli formalarının qiyməti 40 manat təşkil edir ki, bu da keçən illə müqayisədə 5 manat aşağıdır. VII sinifdən XI sinfədək olan şagirdlər üçün isə məktəbli geyimlərinin ümumi qiyməti 52 manat təşkil edir. Bu da ki, keçən illə müqayisədə 3 manat aşağıdır. Heç bir mağazamızda qoyulan qiymətdən yuxarı forma satıla bilməz”.
E.Əzimov əhaliyə müraciət edib ki, keyfiyyətli məktəbli formalarını əldə etməkdə çətinliklə üzləşdikləri zaman BTE-nin “Qaynar xətt” xidmətinə (012- 597-45-39) zəng etsinlər.
Qaynar.info