
Artıq sentyabr ayına sayılı günlər qalıb. Bu ay uşaqları sevindirsə də, valdeyinlər heç də bu fikirdə deyil. Yeni metodlarla keçilən dərslər həm də çox sayda dərs vəsaiti tələb edir. Məsələn, artıq ibtidai sinifdə təhsil alan şagirdlər sadə qələmdən deyil, müəllimlərinin tələb etdiyi xüsusi qələmdən istifadə etməlidir. Bu qələmlərin qiyməti də 30 qəpik yox, 1-2 manat arasında dəyişir. Hələ bunun dəftər, rəngli qələm, su qabı və daha çox ləvazimatları məktəbə daşımaq üçün olan çantaları var. Bütün bunların alınması isə maddi vəziyyəti yaxşı olmayan valideynlər üçün böyük çətinliklər yaradır.
Bakının müxtəlif hissələrində təşkil olunan məktəbli yarmarkaları valideynlərin işini asanlaşdırmaq, qiymət artının qarşısı almaq məqsədi daşıyır. Bəs bu yarmarkalarda vəziyyət necədir? "Qaynarinfo"nun əməkdaşları şəhərin mərkəzində yerləşən bir neçə yarmarkaya baş çəkib və vəziyyətlə maraqlanıb.
Müşahidələr göstərir ki, valideynlər artıq uşaqlarla birgə məktəb alış-verişinə başlayıb, imkanı çatan məktəb ləvazimatlarını almağa çalışırlar.
Yarmarkdakı satıcılardan biri deyir ki, bu il qiymətlər ötən ilə nisbətən daha ucuzdur:
"Alış-veriş artıq başlayıb. Qiymətlər bu il daha ucuzdur. Yerli istehsal da var, xarici istehsal da. Burda "Sədərək" və digər bazarlara nisbətən alış-veriş etmək daha sərfəlidir. Dəftərlər 10, qələm 15 qəpikdən, məktəb çantaları isə 12 maatdan başlayır. Malların çoxu Türkiyə, Almaniya, Çin istehsalıdır. Qiymətlərə dövlət tərəfindən nəzarət olur".
Yarmarkada alış-veriş edən valdeyinlər isə qiymətlərin elə hər yerdə eyni olduğunu deyir:
"Qiymətlər elə hər yerdə eynidir. 160 manat maaş alıram, onunla uşaqlara nə alacağımı bilmirəm. Mənim yaşadığım ərazidə də, burda da qiymətlər eynidir. Bu il məktəbə 3 uşaq göndərəcəm. İndidən çalışıram ki, yavaş-yavaş alım, gözə görünməsin".
Qeyd edək ki, məktəbli yarmarkaları metronun "Elmlər Akademiyası", "28 May", "İnşaatçılar", " Nəriman Nərimanov", "Koroğlu", "Neftçilər" və "Xalqlar dostluğu" stansiyalarının qarşısında keçirilir.
Lalə Niftaliyeva
Foto: Sultana Əhmədbəyli
Qaynarinfo.Az















