
Arif Əliyev: “Sözə görə cinayət məsuliyyəti tələbi aradan qaldırılmalıdır”
Son zamanlar müxalifətyönlü qəzetlərin və saytların əməkdaşlarının yazdıqları tənqidi materiallar, araşdırmalar dövlət məmurlarında qıcıq doğurur. Bu üzdən dövlət məmurlarının jurnalistləri və mətbu orqanları məhkəməyə verməsi halları daha da intensivləşib.
Bir neçə həftə öncə “Gunxeber.com” saytının baş redaktoru Zabil Müqabiloğlu saytda getmiş “Vilyam Hacıyevin attestasiya rüşvəti” başlıqlı yazıya görə İmişli rayon Mədəniyyət və Turizm İdarəsinin müdiri Süleyman Bəşirov tərəfindən məhkəməyə verilib. O, baş redaktorun cinayət məsuliyyətinə cəlb olunmasını istəyir.
İyunun 17-də Nərimanov Rayon Məhkəməsində prosesin 1 həftə sonraya təxirə salındığını “Mediaforum” saytına açıqlayan Z.Müqabiloğlu, cinayət məsuliyyəti yaradan həmin iddianın irəli sürülməsinin qeyri-qanuni olduğunu və qanunsuz olaraq icraata götürülmüş iddianın geri qaytarılmasını istədiklərini deyib.
Bundan başqa, iki gün öncə Kəlbəcər rayon Təhsil Şöbəsinin sabiq müdiri Məhəmməd Bağırovun şikayəti əsasında "Azadlıq" qəzetinin əməkdaşı Ərşad İbrahimov barəsində də Gəncə şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə cinayət işi açılıb. Şikayətçi jurnalisti ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə, böhtan atma suçlamasıyla cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. İki gün öncə keçirilən məhkəmə prosesində Ə.İbrahimov barəsində həbs-qətimkan tədbiri seçilib.
Dünən isə daha bir jurnalist - PİA.AZ-ın baş redaktoru Azər Qaramanlıya Yasamal rayon Məhkəməsindən hakim Anar Rzayevin köməkçisi zəng edərək bildirib ki, 25 saylı Gəncə TSEK-in sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun işçisi Fəridə Abdullayeva onu xüsusi ittihamla məhkəməyə verib və proses iyunun 23-nə təyin olunub.
Bununla bağlı “PİA.AZ” saytının mövqeyinə görə, baş redaktorun qeydiyyatda olmadığı rayon məhkəməsində işin icraata götürülməsi ciddi qanun pozuntusudur: “Artıq neçənci dəfədir ki, məhkəmə orqanları qanunsuz olaraq mətbuatla bağlı şikayətləri icraata götürürlər. Əlbəttə ki, vətəndaş Fəridə Abdullayevanın bizi məhkəməyə verməsi tam hüquq normalarına uyğundur. Amma qanunvericiliyə görə Fəridə Abdullayeva baş redaktorun qeydiyyatda olduğu rayon məhkəməsinə müraciət etməlidir. Ona görə də Yasamal rayon Məhkəməsinin bu işi icraata götürməsi tamamilə qanuna ziddir və işi icraata götürən hakim bununla Azərbaycan qanunvericiliyindən irəli gələn hüquqi proseduru pozmuş olub”.
Dövlət məmurlarının jurnalistlərə hədə-qorxu gəlmələrinin, onları qeyri-qanuni yolla xüsusi ittihamla cinayət məsuliyyətinə cəlb etməyə çalışmalarınin, bir sözlə məmurların mətbu orqanlara qarşı bu cür aqressiv münasibətinin səbəbini öyrənmək üçün “Yeni Nəsil” Jurnalistlər Birliyininin rəhbəri Arif Əliyevə müraciət etdik.
A.Əliyev sözə görə cinayət məsuliyyətinin aradan qaldırılmalı olduğunu dedi: “Burada yeni bir şey yoxdur. Yəni bu, çoxdan tətbiq olunan praktikadır. Söhbət ondan gedir ki, istər məmur, istərsə də qeyri-məmurlar daha çox jurnalistlərin yazdıqları yazılardan narahat olanda müəyyən instansiyalara müraciət edirlər. Lakin sözə görə cinayət məsuliyyəti tələbi aradan qaldırılmalıdır. Bu gün də bu məsələlər araşdırılmalıdır. Bu da o problemin, mübahisənin növbəti təzahürüdür”.
Arif Əliyev jurnalistlərin qeydiyyatda olduqları rayonda yox, başqa rayon məhkəmələrində işin icraata götürülməsinin ciddi qanun pozuntusu olduğunu və gələcəkdə bunun ciddi fəsadlara yol aça biləcəyini dedi: “Bu növ prosessual pozuntulara tez-tez rast gəlirik. Məhkəmə proseslərinin gedişində o pozuntular daha çox olur. Bu işlə hüquqşünaslar məşğul olmalıdırlar. Bütün hallarda qanun yaxşı da, pis də olsa, onun müvafiq tələblərinə əməl olunmalıdır. Amma yenə də bu xırda prossesual pozuntuların arxasında daha böyük bir problem dayanır. O problem də yazılara görə jurnalistlərə qarşı cinayət işinin qaldırılmasının tələbidir. Təcrübə göstərir ki, bu cür işlərdə qanun pozuntuları həddindən artıq çox olur. O cümlədən məhkəmə prosesi zamanı daha çox qanun pozuntularına rast gəlinir. Buna görə də illərlə davam edib, Avropa Məhkəməsindən qayıdan işlərin böyük qismi məhz məhkəmələrin yol verdiyi bu prosessual pozuntularla bağlıdır”.
Bu məsələ ilə bağlı Mətbuat Şurasının təmsilçilərinin mövqeyini öyrənməyə çalışsaq da, əlaqə yaratmaq mümkün olmadı.//musavat.com