Xəbər lenti

Mən “Aşk”ı gözləyirdim...
Ölkə12:30 07.08.2013

Mən “Aşk”ı gözləyirdim...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Elnaz Eyvazlı

Elmlər Akademiyası Metro stansiyasının qarşısında rəssam dostumu gözləyirəm. Mənim üçün kitab gətirəcək, Əlif Şəfəqin “Aşk”ını. İlk dəfədir ki, kimisə gözləyəndə geçikməsini arzu edirəm. Bu qədər səbrsiz, hövsələsiz, kimisə gözləməkdən zəhləsi gedən adam kiminsə geçikməsini istəyir, təsəvvür edirsən? Manyakcasına insanları müşahidə edirəm. Zəhərin acılığını bilə-bilə başına çəkən, hətta ləzzət almağa cəhd edən adam kimi.

Çıxışda bir arvad oturub, nə satdığını aydınlaşdıra bilmirəm, çünki  tez-tez yerini dəyişir, əlindəki mobil telefonla danışır, qəribə kişiyana jestlər edir. Yaşı da az olmaz. Arada qarşı tərəfə keçir, siqaret satan kişilərlə zarafatlaşır. Kişinin biri onu qucaqlayır, guya çox istəyir. Nə bilim, bəlkə, doğrudan da, çox istəyir. O da şellənir.
Baxıram düşünürəm: bədbəxt qadın, istidən-soyuqdan ölə-ölə çöllərdə bir tikə zəhər (buna çörək demək olar?) qazanmaq düşüb qismətinə.  Danışıb-gülürsən, ancaq gözlərində bu boyda kədər var, kimdən gizlətməyə çalışırsan? Bəxtindənmi, bəxtinə düşən adamlardanmı?

Yenə keçir bu biri tərəfə. Çömbəlib qarşısında yazıq-yazıq oturan cavan oğlanla söhbətləşir:
-    Gəlin necə oldu?
-    Müalicə yazıb həkim, bir sumka. (Ay yazıq, necə alacaqsan bir sumka dərmanı - E.E)
-    Niyə, nə deyir?
-    Heş nə, uşağa görə yazıb... Rayon qızıdı da, o qədər soyuq suda əlləşib ki, soyuqdəyməsi var. O biri uşaq öldü axı, birinci.
-    İki dəfə evlənmisən?
-    Yox, bir dəfə. Bir uşağım oldu, öldü, onu deyirəm.
-    Həəə...

Qatar gəldi, deyəsən. Yerin altından adamlar axır çölə. Aha, bu gəlin güclə yeriyir, hamilədir. Üzündə qəribə ifadə var. Ürkək-ürkək o tərəf-bu tərəfə baxır. Elə bil kimdənsə qorxur. Qıpıq kimi görünür. Bəlkə, evdə günü yoxdur, bəlkə, əri döyür (nədənsə, elə bilirəm bütün qadınlar hamilə vaxtı bir dəfə də olsa döyülür...), bəlkə,  ilk uşağıdır deyə, doğmaqdan qorxur. Bəlkə... Nə qədər “bəlkə” var?! Ancaq nə olur olsun hamilə qadın görəndə ürəyim sıxılır, yazığım gəlir.
 

Bir qadın şaftalı satana yaxınlaşır. Qiymətini soruşur, o da cavab verir. Qadın azca dayanıb gedir, almır. Şaftalı satan qadın cavandır. Dolu bədənli, hündür. Ancaq elə geyinib ki, elə bilirsən qoca arvaddır. Yazıq, indi onun bəzənib-düzənib, ətirlənib bəxtəvər olan çağları deyilmi?! Görəsən, neçə yetim saxlayır?!

Görəsən, bu qadınların hansı daha çox pərişan oldu indi. Şaftalının qiymətini bilib almayan, yoxsa, şaftalısı alınmadı deyə, qanı qaralan qadın? Nə qədər ümid etmişdi alıcı ona yaxınlaşanda... Ancaq mənim üçün fərqi yoxdur, ikisi  də qadındır.

Hələ bu qıza bax. Əminəm ki, şəhərə gəlidiyi heç bir il deyil. Ayağındakı al qırmızı, mümkün qədər hündür dabanlı ayaqqabısından, bu istidə burub kürəyinə tökdüyü saçlarından, yağı axan dodaq boyasından görünür. Ay bədbəxt, bu şəhər nə qədər adamı kirlədib? Kimlərin başını yeyib, bilsən... Yoluna kimlər çıxacaq, taleyini kimlər pozacaq, bəxtini kimlər yazacaq, heç bilirsən? Nə bilim, bəlkə də, axırda bir yaxşı oğlanın bəxtəvər arvadı olacaqsan. Çox vaxt elə olur axı. Yaxşı oğlanlar belə, yaxşı qızlar da bir başqa cür yarımır axı bu həyatda...

Yarım saatdır ki, gözləyirəm. İnsanların üzündəki ifadə, yorğun yerişləri, çarəsiz baxışları yordu məni. Birdən-birə sinəmdə ağırlıq hiss etdim, ürəyim sıxıldı. Elə bil bayaqdan dəlicəsinə müşahidə etdiyim insanların enerjisi üstümə çokdü. Dostuma zəng edirəm...

Nəhayət, rəssam dostum gəlir, ayaqüstü hal-əhval tuturuq, kitabı alıb yoluma davam edirəm. Və düşünürəm: “İlahi! Bu boyda şəhərdə bir xoşbəxt adam varmı, görəsən?!”

Avtobusa tərəf gedə-gedə elə telefondanca facebookda status paylaşıram: “Hərdən adam tanımadığı birinin qolundan tutub danışmaq istəyir...”

Çox qəribədir, dalbadal bəyənirlər statusumu. İlahi!  Bu boyda ölkədə nə qədər darıxan adam varmış!

Qaynar.info