Xəbər lenti

Mənə ədalətdən danışmayın! - KÖŞƏ
Ölkə10:34 15.08.2014

Mənə ədalətdən danışmayın! - KÖŞƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Jalə Abbasova

Bir dostumuz həmişə bizə “şəhər uşağı” deyə müraciət edirdi. Bu hamının diqqətin çəkirdi. Bir gün səbəbini soruşanda izah elədi ki, özünə hansı ləqəbi taxmaq istəyirsənsə, qarşındakını elə adlandır. Bu mənim qulağımda sırğa oldu. Niyə xatırladım? Ona görə ki, biz illər boyu erməni dığalarını “dana oğrusu” deyib alçaltdığımıza görə bizə həmin adı deməyə fürsət gəzirdilər. Əllərinə keçdi o fürsət. Qarabağ müharibəsindən bu yana çox sular axsa da nə danışıqlar, nə də yalan vədlər bizim torpaqlarımıza olan haqqımızı bərpa edə bilmir. Əgər bu gün sadə Azərbaycan vətəndaşı öz torpağına keçəndə həbs olunur, döyülür, təhqir edilir, öldürülürsə, mənə dünyada ədalətdən danışmayın!

Mən, bəlkə də, qlobal düşünə bilmirəm. İndi oxuyub ağız büzənlər olacaq ki, Fələstində o qədər müsəlman qırılır, bu qızın ağladığı dərdə bax. O qədər öyrəşmişik ki, barmaqla tuşlanan dərdi çəkməyə. Ağlamağımız da süniləşib. Topxana meşəsində ağac kəsildiyinə görə mitinq edən millətim bu gün həmin meşənin bəlkə də torpağının da şumlandığını düşünmür. Çünki bugünki təbliğat onu tələb etmir. Qarabağ müharibəsinin Əsgəran yolunda cavanların öldürülməsi ilə tətikləndiyini bilən millətim, yəqin ki, Həsənin ölümünün, Dilqəmin həbsinin, həm də işgəncəsinin, son günlərdə verdiyimiz şəhidlərimizin qanının sakitcə qaldığını düşünmür hər halda. 

Bir neçə müddət odlu alovlu danışdıq, “müharibə”, “qana-qan”, “dişə-diş” dedik... Və nəticə yenə də regionda “sülhü” təbliğ edən qaniçənlərin xeyrinə oldu. Yox mən pessimist deyiləm. Şəhidlərimizin qanının heç də yerdə qalmadığını da bilirəm. Yalan-doğru informasiya agentlikləri bunu dedilər hər halda. Hələ bir erməni dığası da burda öldü. Ona qətiyyən acımıram. Qonşu həyətinə keçən oğru pişiyə təpik də vurarlar, qol-qabırğasını da sındırarlar. 

Mənim acıdığım tamam başqa mövzudur. Deməli, son 10-15 gündə cəbhədə olan gərginlik əksəriyyətimizin yuxusunu ərşə çəkdi. Biriləri şəhidlərə ağladı, digərləri silaha sarılıb könüllü döyüş bölgəsinə getmək istədi. Kimisi də qələmə sarılıb oradan bizə operativ məlumat verməyə çalışdı. Hə, məsələ bax elə bundadır. Yazılanların çoxu təxminən belə idi: “Şəhidlərimizin qisası alındı”, ”Erməni diversantın tutulmağı layiqli cavab idi”. 

Bunları oxuduqca adamda belə bir sual yaranır: əcaba, biz Birinci Qarabağ müharibəsində ölən şəhidlərimizin, Xocalıda, Qaradağlıda öldürülən həmvətənlərimizin qisasını almışdıqmı ki, indi təzə şəhidlərin qisasının yanğısını çəkirik? 1992-1993 və daha sonrakı illərdə əsir düşmüş, işgəncə görüb, əzabla ölən bacı qardaşlarımızın qisasını almışdıqmı ki, indi hansısa erməni dığasının ölümünü Həsənin qanına əvəz edirik?

Bu ki bağça uşaqları arasında olan cığallıq oyunudur. Bir fərq var burda; tökülən qan həqiqidir, çıxan can isə dirilmir. Nə vaxta qədər ermənilər namərd kimi güllə atacaq, biz isə yalnız atəşi susdurmaqla kifayətlənəcəyik? Qəribədir, deyilmi? Dünən “valideyninin qorxusundan barışan uşaq” bu gün raket atmaqla hədələyir? Halbuki beynəlxalq ədalət məhkəməsi qarşısında Qarabağda törətdiyi cinayətlərə görə cavab verməlidir.