Xəbər lenti

Məni belə şeylər qane etmədiyinə görə onların əsərlərini oxumuram… - Deputat
Ölkə11:08 01.09.2020

Məni belə şeylər qane etmədiyinə görə onların əsərlərini oxumuram… - Deputat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qaynarinfo millət vəkili Etibar Əliyevlə müsahibəni təqdim edir:
- Etibar bəy, salam. Karantin necə gedir? Sizin üçün hansı müsbət və mənfi tərəfləri var?
- Pandemiya bütün dünyanı karantin rejiminə keçirtdi. Mən də bu karantinə əməl edən insanlardan biriyəm. Bunun ümumi olaraq mənfi tərəfləri çoxdur. Məktəblər, universitetlər, ümumilikdə, təhsil ocaqları və digər müəssisələr bağlandı. Təbii, bunların fəsadları da oldu və mən də Milli Məclisin bir üzvü kimi çalışdım və çalışıram ki, maarifçilik baxımından əlimdən gələni əsirgəməyim. Hər halda bu gözlənilməz bir hadisə idi və heç kim istəməzdi belə olsun. Hamının da arzusudur ki, bu virus tezliklə çəkilib getsin. Amma əfsus ki, hazırda da yoluxmalar var. Bunun psixoloji təsirlərini aradan qaldırmağa da vaxt lazımdır. Biz yenə də çalışırıq ki, seçicilərlə görüşlər zamanı, videokonfranslar zamanı əhali arasında maarifçilik işləri aparaq. Əlbəttə ki, nə qədər məsuliyyət və intizamlı olsaq, bir o qədər virusla tez vidalaşa bilərik. 
- Təhsil demiş, ölkəmizdə olan təhsilin səviyyəsindən razısınızmı? Düşünürsünüzmü ki, təhsil məhz belə olmalıdır? Həm pandemiya dönəmində, həm də adi vaxtlarda.
- Ümumiyyətlə, təhsil çox mürəkkəb bir sahədir. Ən çox islahatlar da məhz bu sahədə aparılır. Dəyişən dünyanın tələblərinə uyğun olaraq təhsil də dəyişir. Amma bir çox beynəlxalq göstəricilər var ki, biz geridə qalırıq və bu, məni də narahat edir. Təəssüf ki, bizim universitetlər dünya universitetləri reytinqlərində yer ala bilmirlər. Amma bununla yanaşı, bizim şagird və tələbələrin beynəlxalq yarışlarda təqdirəlayiq göstəriciləri var, müəyyən irəliləyişlər olur və bu da çox sevindirici haldır. Dediyim kimi, narazı olduğum bəzi məqamlar var. Regionlarda infrastrukturu normal olan məktəblərin sayı azdır. Təhsilin bütün pillələrində, o cümlədən ali məktəblərdə dərslik problemləri var. Bütün dünyada ən çox önəm verilən məktəbəqədər təhsilin vəziyyəti ürəkaçan deyil. Ölkənin 30 faiz yaşayış məntəqsində uşaq baxçaları yoxdur. Ölkə başçısı Cənab İlham Əliyevin imzaladığı Sərəncamlar əsasında təhsil sahəsində çox ciddi islahatlar aparılır, qərarlar qəbul olunur. Onlardan biri və ən mühümü "Təhsilin inkişafı üzrə dövlət strategiyası” sənədidir ki, icrası davam etməkdədir. 
- Bəs, mövcud vəziyyət davam edərsə, sentyabrdan başlayan dərslərin effektivliyi necə olacaq? Müəyyən fikirlər səslənir. Onlayn, distant təhsil. Hazırıqmı? Məsələn, ucqar kənddə, internetsiz yaşayan bir tələbə, şagird bu durumda necə təhsil almalıdır?
- Bu istiqamətdə çox ciddi müzakirələr aparıldı. Təhsil Naziri Emin Əmrullayevlə, Təhsil Nazirliyi yanında ictimai Şura, Milli Məclisin elm və təhsil komitəsinin üzvləri arasında görüş oldu. Kifayət qədər maraqlı təkliflər səsləndirildi. Müxtəlif dövlətlərin modellərini təhlil etdik. Elə ölkələr var ki, onlar təhsili ənənəvi formada davam etmək istəyirlər, baxmayaraq ki, orda virusun dinamikası yüksəkdir. Düşünürəm ki, biz kifayət qədər rasional qərar qəbul etdik.  
- Bu yaxınlarda yeni Təhsil naziri təyin olundu. Əvvəlcədən gedən müzakirələrdə sizin də adınızı çəkirdilər ki, Etibar Əliyev nazir olsun. Bəs siz təhsil naziri olmaq istəyərdiniz? Əgər hazırda nazir olsaydınız, ilk atacağınız addım nə olardı?! Hazırkı təhsildə dəyişmək istədiyiniz nə var?
- Mənim təhsil naziri olmaq istəyim çox nisbi bir məsələdir. Bu, məsələ ölkə başçısının səlahiyyətindədir. Ola bilsin ki, ekspert kimi mənim və digər həmkarların adı hallanıb. Təşəkkür edirəm. Ancaq mən elə bu statusumda da təhsilə maksimal dərəcədə öz bilik və bacarıqlarımı verirəm, bu yöndə əlimdən gələn heç nəyi əsirgəmirəm və əsirgəməyəcəm də. Çünki Azərbaycan təhsili hamımızın ən başlıca problemidir. Mən 1992-ci ildən təhsil sistemində işləmişəm. Sizə də çox səmimi şəkildə deyirəm ki, təhsil nazirinin kim olmağından asılı olmayaraq, ona dəstək verməliyik ki, Azərbaycan təhsil sistemi önə çıxsın. Təhsil sistemi önə çıxdıqca, inkişaf etdikcə, onun digər sahələrə də təsiri özünü göstərir. Təhsil naziri məsələsinə gəldikdə isə onu deyə bilərəm ki, bu sahədə də gəncləşmə getməli idi və düşünürəm ki, baş tutdu. Yeni təyin olunmuş nazirin islahat kursunu davam etdirəcəyinə zərrə qədər şübhəm yoxdur. İslahatın alternativi də yoxdur.
- Təhsillə bağlı hazırda gündəmdə olan bir məsələ də var. DİM virusa yoluxmuş abituriyentlərə bu il imtahanların olmayacağını deyir. Həm də bir təhsil eksperti olaraq düşünürsünüzmü bu, həmin abituriyentlərin hüquqlarına ziddir? Onların əziyyəti yerə vurulur? Nə etmək lazımdı? Çıxış yolu nədir?
- Bilirsiz, mən hesab edirəm ki, müəyyən müddətdən sonra onlardan yenidən imtahan təşkil olunmalıdır. Bunların fonunda onu deyim ki, Dövlət İmtahan Mərkəzini də qınamaq olmaz, çünki imtahanların təşkili mürəkkəb prosesdir. Amma mən yenə də onlara görə təkrar imtahan keçirilməsinin tərəfdarıyam. Əziyyətləri yerdə qalmamalıdır. Onlar ta məktəbə gedəndən bitirənə qədər özləri də, valideynləri də, müəllimləri də əziyyət çəkir, bu günü gözləyir və kulminasiya nöqtəsində onlardan və valideynlərdən asılı olmayan səbəblərdən belə hal baş verirsə, düşünürəm ki, bu onlarda apatiya vəziyyəti yarada bilər. Yaxşı olar ki, təkrar imtahan keçirilsin.
- Etibar bəy, cəmiyyətdə istər məmur olaraq, istərsə də siravi vətəndaş kimi zəngin mütailəli, savadlı bir şəxs tək tanınırsınız. Millət vəkili olmazdan əvvəl də, olandan sonra da ictimai şəxsləri tənqid edən bir adam kimi də tanınmısınız. Millət vəkili sizə bu cür davam etmək də maneə törədə bilərmi, bilirmi? Məsələn, elə bir hal, yaxud da şəxs olubmu ki, tənqid etmək istəmisiniz, amma millət vəkili olduğunuza görə susmusunuz?
- Maraqlı sualdır. Bilirsiz, cəmiyyət heç vaxt tənqidsiz ötüşə bilməz. Tənqid bir başa olaraq cəmiyyətin inkişafına töhfə verir. Tərif cəmiyyəti isə ümumiyyətlə, mümkün deyil. Amma məsələ bundadır ki, Orxan bəy, tənqid edən şəxs gərək şəxsi mənafeyini önə çəkməsin. Tənqid sağlam olmalıdır, şəxsi maraqlar üzərində qurulmamamlıdr.  Mənim bir çox tənqidi məqalələrim var, özünüz də oxumusunuz. Hansı sahədə çatışmazlıqlar varsa, onları açıq şəkildə tənqid edirəm. Ancaq çox əfsuslar olsun ki, bizim cəmiyyətdə çox qəribə bir tendensiya formalaşıb ki, bunları qərəz kimi qələmə verirlər. Məsələn, düşünürlər ki, kimsə kimi tənqid edirsə, burda sifariş, yaxud başqa hansısa maraqlar var. Düşünmürlər ki, insanın öz düşüncəsi, şəxsi mövqeyi də ola bilər… Məsələn, bir universitet rəhbərliyini yol verdiyi qüsurlara görə tənqid edəndə dərhal deyirlər ki, qərəz var, sifariş var. Niyə? Niyə məhz belə düşünülür? Axı həmin universitetdə çatışmayan cəhətləri cəımiyyət görür və kimsə irəli çıxıb tənqid edir. Mən cəmiyyətin bütün üzvlərini tənqiddən çəkinməməyə çağırıram. Məhz sağlam tənqid bizi irəliyə, inkişafa aparacaq.
- Bir verilişdə demişdiniz ki, mən intiusiyama güvənib namizədlik vermişəm. Yəni, hiss elədim ki, deputat olacam, namizədliyimi verdim. Əvvəla, təbrik edirəm, güclü intiusiyanız var. Amma həqiqətən belədirmi? Yəni, bu yolla deputat seçilmək olarmı? Bu qədər asandırmı?
- Təbrik üçün çox sağ olun. Maraqlı sualdır. Bilirsiz, belə deyim. Mən seçkidə birinci dəfə deyil iştirak edirəm. Üç dəfə iştirak etmişəm. Seçki, seçkiyə qoşulan şəxslərdən cəsarət tələb edir. Sən burada açıq-aydın rəqibin gücünü, çatışmayan cəhətlərini görürsən. Bilirsən ki, sən harda üstünsən, o harda üstündür. Bəli, mən intuisiya ilə seçkiyə getmişdim. İndinin özündə də sizə deyirəm ki, ən təmiz mübarizəni mən aparmışam. Dairəmizdə ən çox görüşləri mən keçirmişəm, ən yaxşı təbliğatı da mən aparmışam. Cəmiyyət tərəfindən tanınıram, dairəmdə də məni yaxşı tanıyırlar. Belə olduğu halda niyə də seçilməyim ki? İntuisiya sözünü insanlar niyə pis qələmə verdi ki? Yəni, mən bir ziyalı olaraq qarşıma məqsəd qoymuşdum ki, seçiləcəm və seçildim. Bu gün də bu statusun mahiyyətini çox yaxşı dərk edirəm.
- Seçildiyiniz dairədə saxtakarlıq olduğu da deyildi sizin haqqınızda. Özünüz necə hesab edirsiniz, seçki tam şəffaf keçdimi?
- Baxın, bu seçki qədər nəzarət mexanizmi güclü olan ikinci bir seçki olmamışdı. Həm də, belə deyim. Bu, informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlıdır. Əvvəllər belə deyildi. Mən konkret olaraq onu deyə bilərəm ki, bizim dairədə seçkilər tam demokratik keçirildi, hər şey şəffaf oldu. Bu, mənim özümün qənaətimdir. Heç kimin səsinə toxunulmadı. Amma buna baxmayaraq, aranı qatmaq istəyənlər oldu. Hansı məntəqədə qanunsuzluq olmuşdusa, o da ləğv oldu. Məsələn, bizdə iki məntəqədə qanun pozuntusuna görə Mərkəzi Seçki komissiyası həmin məntəqələrin nəticələrini ləğv etdi, mən də bunu təbii qəbul etdim.
- Milli Məclisdə Fazil Mustafa ilə yanbayan oturursunuz. Bu, necə bir hissdir? Məmnunsunuzmu? Fazil Mustafa da cəmiyyətdə birmənalı qarşılanmayan şəxsdir. Ümumiyyətlə, onun ictimai fəaliyyətinə münasibətiniz necədir?
- Fazil bəy artıq 4 çağırışdır ki, Milli Məclisin üzvüdür, tanınmış ictimai xadimdir. Kifayət qədər savadlı və mütailəli şəxsdir. Mən hər hansısa bir şəxsin tutduğu mövqeyi və onun səsləndirdiyi fikirləri təhlil etmək niyyətində deyiləm. Özümü də çox tənqid edənlər var. Milli Məclisdə isə bizim yanaşı oturmağımız məndən asılı olan bir şey deyil. Belə deyim, Fazil bəy partiya rəhbəridir, siyasətlə məşğul olur. Mənim sahəm isə tamam başqadır. Onu etiraf edim ki, mən siyasətçi deyiləm... Bir çox hallarda deyirlər ki, parlamentdə mütləq siyasətçi olmalıdır. Niyə də mütləq siyasətçi? Məsələn, Milli Məclisin səhiyyə komitəsi var. Orada siyasətçinin olmağının nə önəmi var ki? Orada mütəxəssislər olmalıdır. Və seçilmiş deputatlar içərisində həkimlər də var. Həmçinin də Elm və Təhsil komitəsi. Ona görə belə şeyləri çox da qabartmaq lazım deyil. Bismarkın çox maraqlı bir fikri var siyasət haqqında: "Siyasət elm deyil, sənətdir”. Yəni, elmlə buna çatmaq mümkün deyil. İnsanın buna bacarığı olmalıdır.
- Sizi ümumiyyətlə, tez-tez kimlərisə tənqid edən biri kimi tanıyırıq. Məsələn, Tağı Əhmədovu da tənqid eləmişdiniz. İndi də eyni fikirdəsinizmi? Həm də, bir ədəbiyyat sevər olaraq onun yaradıcılığına münasibətiniz necədir? Şeir yazır...
- Bilirsiz, indi şeir yazanlar çoxdu. Amma məsələn, mən tərəfdarı deyiləm ki, riyaziyyatçı, yaxud kimyaçı şeir yazsın. Riyaziyyatçı öz sahəsində elmi və populyar kitablar yazmalıdır. Öz sahəsinə maraq oyatmalıdır. Şeir yazmaq sadə iş deyil. Əgər belə olsaydı, almanların 6-dan çox şairi olmazdı. Baxın, almanların yüzlərlə fizik, kimyaçı, filosofu var. Bu xalq Nobel mükafatı laureatlarının sayına görə 3-cü yerdə durur. Ancaq 6-7 şairləri var. Və yəqin ki, Hötedən, Heynedən sonra o səviyyədə şeir yaza bilməyəcəklərini anlayıb öz işləri ilə daha yaxşı məşğul oldular. Bu, bir az da xalqın özündən, mədəniyyətindən asılıdır. Ona görə də Tağı müəllimin şeir yazması məndə bir qıcıq yaratmışdı və tənqid eləmişdim. Platon deyir ki, ədalətli cəmiyyət o cəmiyyətdir ki, orda hərə öz işi ilə məşğuldur.
- Bizə üç ən sevdiyiniz əsər adı deyin. Həm xarici ədəbiyyatdan, həm yerli ədəbiyyatdan. Müsahibəni oxuyanlar kitab zövqünüzü bilsinlər.
- Yusif Səmədoğlunun "Qətl günü", İsa Muğannanın "İdeal" romanı. Mirzə Fətəli Axundovun bütün əsərləri. Belə deyim, son illər roman janrı bir qədər populyarlığını itirir. Texnologiyanın inkişafı da bunu sürətləndirir. İnsanlar artıq internet üzərindən daha kiçik həcmli nələrisə oxumağa meyillidir, buradan öyrənmək istəyirlər. Amma buna baxmayaraq, roman janrı süquta uğramayacaq. Xarici ədəbiyyatdan Servantesin "Don Kixot"u,  Robert Muzilin "Xassəsiz insan”ı, Hermann Hessenin "Muncuq oyunu" əsərlərini təkrar oxuyardım. Bilirsiniz, belə bir şey də deyim. Ədəbiyyata meyl etmək, kitab oxumaq nizamlı olmalıdır. Kantın maraqlı bir fikri var, deyir, uşaqlara məhdud sayda ədəbiyyat oxutmaq lazımdır. Onları daha çox coğrafiyaya, təbiət elmlərinə yönəltməliyik. Yanlız müstəqil həyata qədəm qoyduqdan sonra onların seçim imkanları genişlənir.
- Etibar bəy, gənc yazarları oxuyursunuzmu? Sizi qane edirmi? Mütaliə edərkən kaş oxumazdım, dediyiniz gənc yazar var?
- Gənc yazarların içərisində Qismət Rüstəmovun və Şərif Ağayarın yaradıcılığı xoşuma gəlir. Amma digər müəllifləri bir o qədər oxumuram. Bu, birbaşa olaraq mənim ədəbiyyat baxışımla bağlıdır. Mən demirəm ki, mənim zövqümə uyğun olaraq yazmırlar, amma mənim baxış bucağım və yaşım tamam fərqli əsərləri oxumağa vadar edir.  Bu, bir az da yazıçıların özü ilə bağlı bir şeydir. Məsələn, belə deyim. Davranış məsələsi. Yazıçının davranışı onun əsərlərinə çox ciddi təsir edir. 
- Yəni, şəxsiyyət və sənət eyniliyi prizmasındanmı deyirsiniz?
- Bəli. Təəssüflər olsun ki, bir çox gənclərimiz xeyli istedadlı olsalar da, davranışları buna adekvat deyil və bu onların yaradıcılıqlarına da təsir edir. Məni həm də belə şeylər qane etmədiyinə görə onların əsərlərini oxumuram. Çoxu da sadə əsərlərdir. Sadə dialoqlar, əsərlər mənim təbiətimə uyğun deyil. Eyni zamanda da Qərbin gənc yazıçılarını da oxumuram. Bir yazıçını tanımaq üçün onun ilk və son əsərini tapıb oxuyuram, görüm ki, yazıçının dünayagörüşünün əsərinə təsiri olubmu? Məsələn, Knut Hamsunun "Aclıq" romanı onun ilk, "Torpaq şirəsi" isə son romanıdır. Hər ikisi mükəmməldir… Yenə deyirəm, istedadlı gənclər çoxdu. Aqşin Yeniseyi də misal gətirmək olar. Amma inciməsinlər, onları oxuya bilmirəm.
- Etibar bəy, özünüzü bir cümlə ilə ifadə edin.
- Optimistəm…
- Bəs, məmurluğunuzu bir cümlə ilə ifadə etsəniz?
- Sadəlik…
- Düşünün ki, bu sizin mətbuata verdiyiniz son müsahibədir və bununla bütün müsahibələrdən imtina edirsiniz. Son sözünüz nə olar?
- Oxumaq lazımdır. Hər kəsə oxumağı tövsiyə edirəm. Biz istəyirik ki, cəmiyyətimiz zəngin bir cəmiyyət olsun, savadlı və daha mədəni olsun. Bunun yolu yalnız oxumaqdan keçir. Gənclərin dil öyrənmək imkanları çox genişdir. Müxtəlif dillər öyrənib, kitabları məhz o dildə oxumaq lazımdı. Təkəbbürlü olmaq lazım deyil. Yaradıcılıq sadəlik tələb edir. Bəzən olub ki, hansısa gənc yazara dəstək, stimul verirsən. Amma bir müddət sonra həmin adam öz davranışlarını dəyişir. Ərköyünləşir.  Bu, yaxşı hal deyil. Mən ona görə oxumağı deyirəm ki, indi müsahibə götürdüyünüz bu yer bukinistdir. Özünüz də görürsünüz ki, burda satıcı və bizdən başqa heç kim yoxdur. Soruşsaq, bu gün bura neçə adam gəlib, neçə kitab alınıb? Vəziyyət ürəkaçan olmayacaq. Mən bunu deyirəm.
Söhbətləşdi: 
Orxan Saffari