Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirli bilinən Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü İlqar Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib.
İstintaqla müəyyən edilib ki, İlqar Səmədov satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni - 101,710 qram heroini əldə edərək özündə saxlayıb.
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı İlqar Səmədov bu il yanvarın 20-də Xətai rayonu, Köhnə Əhmədli qəsəbəsində saxlanılıb.
Törətdiyi cinayət əməlinə görə İlqar Səmədova Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxs qismində dindirilən İlqar Səmədov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib.
İ.Səmədov ifadəsində göstərib ki, yaşadığı mənzildə olarkən üç nəfər mülki geyimli şəxs evə daxil olaraq əl-qolunu tutublar və divanın yanındakı 5 qramlıq heroini aşkar edərək götürüblər: “Onlar polis olduqlarını dedilər və məni maşına mindirərək Əhmədlidə yerləşən “Evrolux” mağazasının yanına apardılar, narkotik vasitəni satanın kim olduğunu soruşdular. Dedilər ki, həmin şəxsin adını desəm, məni buraxacaqlar. Polislərə dedim ki, heç kimdən almamışam, özümündür.
Bundan sonra məni “qorotdel”ə (Bakı Şəhər Baş Polis İdarəsinə-red.) apardılar. Orada üzərimə baxış keçirildi. Sonradan məlum oldu ki, məndən 101 qram heroin aşkar olunub”.
Təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadə ilə məhkəməyə verdiyi ifadə arasında ziddiyyət yaranıb. İ.Səmədov istintaqa verdiyi ifadəsində özünü tam təqsirli bildiyini, himayəsində 3 azyaşlı uşağı olduğunu, şəxsi avtomobili ilə taksi sürücüsü kimi fəaliyyət göstərdiyini deyib: “Əhmədli qəsəbəsində, metronun yaxınlığında maşında oturub müştəri gözləyirdim. Bir nəfər orta yaşlı kişi gəlib avtomaşına əyləşdi, ucuz qiymətə heroin satdığını, satışda bir qramının 50 manata olduğunu dedi. Razılaşdım və həmin adamdan 300 manata 10 qram heroin aldım ki, gələcəkdə baha qiymətə satıb pul qazanım. Həmin heroini gizlətmək üçün yaşadığım mənzilə gəldim. Bu vaxt üç nəfər mülki geyimli şəxs yaxınlaşaraq polis olduqlarını dedilər və məni özləri ilə Bakı Şəhər Baş Polis İdarəsinə apardılar. Üzərimə baxış keçirilərkən aldığım heroin gödəkcəmin cibindən aşkar edildi.
20 il əvəvl narkotik vasitələrdən istifadə etmişəm. İndi isə istifadə etmirəm. Əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmamışam. Narkotik vasitəni aldığım şəxsi ilk dəfə görmüşəm, adını, telefon nömrəsini bilmirəm”.
Təqsirləndirilən İ.Səmədov ifadələri arasındakı ziddiyyəti müstəntiqin onu məhkəməyə narkotik vasitələrin satıcısı kimi yox, istifadəçisi kimi verəcəyini dediyi üçün aldanması və yazılı ifadəni oxumadan imzalaması ilə əlaqələndirib.
Məhkəmədə şahid qismində dindirilən BŞBPİ Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Vüqar Nəcəfov isə ifadəsində polisə Əhmədli kəndində yaşayan İlqar adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu göstərib: “Məlumatın yoxlanılması ilə əlaqədar əməliyyat qrupu təşkil olundu. Mən, Fikrət Nəsibov və Emil İsmayılov İlqarın yaşadığı evin qarşısına getdik. Orada özünü şübhəli aparan bir nəfər diqqətimizi çəkdi. Yaxınlaşıb sənədini təqdim etməsini xahiş etdik. O, sənədinin olmadığını bildirdi və İlqar Səmədov olduğunu dedi. Onu Bakı Şəhər Baş Polis İdarəsinə dəvət etdik. Üzərinə baxış keçirilərkən gödəkcəsinin cibindən iki büküm narkotik vasitə aşkar olundu. O, narkotiki tanımadığı şəxsdən aldığını, lakin bir neçə dəqiqədən sonra polis tərəfindən saxlanıldığını dedi”.
Məhkəmənin hökmü ilə İlqar Səmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qaynar.info
Şərhlər