Xəbər lenti

Ölkə 14:47 03.12.2024

"Mənim dilənçi olduğumu düşündülər" - Əllərini ayaqları ilə əvəzləyən Alik Cəfərov

3 Dekabr. Beynəlxalq əlilliyi olan şəxslər günü.

Bu gün həyata inamla baxan, öz iradəsi ilə hər maneəni aşan şəxslərin günüdür. Qəlbi əlil olmayanların…

Həyatımızda qazandığımız uğurlar iradə və istəyimizdən asılıdır.

Bakuplus.az-ın budəfəki qəhrəmanı Alik Cəfərov da əzmi və iradəsi sayəsində qarşısına qoyduğu hədəflərinə tək-tək çatıb. Əllərini hərəkət etdirə bilməyən Alik bütün işlərini ayağı ilə görür. Onun öz dünyası, öz zövqü var.

Alik Cəfərov 1986-cı ildə anadan olub. O, doğulduğundan bu günə qədər serebral iflicdən əziyyət çəkir. Buna baxmayaraq həyatını adi insanlar kimi davam etməyə çalışır. 3×4-ə şəkil çap edir, rəsm çəkir, kompüteri dərinliyindən öyrənir.

Bütün bu işləri görməkdə onun ən yaxın köməkçisi, arxa-dayağı olan anası Naibə xanımdır. Alikin körpəliyindən bu günə kimi hər bir işində yorulmadan ona dəstək olub.

Naibə Cəfərova saytımıza bildirib ki, Alikin xəstəliyini 1 yaşında müəyyən ediblər:

"Alikin 1 yaşı olardı ki, onda serebral iflic xəstəliyinin olduğunu öyrəndik. Həmin gündən müalicələr başladı. Şükür bu günə. Alik çox yaxşı övladdır. Ona nə qədər əziyyət çəkmişiksə, heç vaxt bu əziyyətimizi itirmiyib”.

Ailənin ilk övladı olan Alik hər zaman öz istedadı və bacarığı ilə seçilib. Onu digər övladlarından heç vaxt fərqləndirməyən anası bütün bunların Alikin uğuruna səbəb olduğunu deyib:

"Hər zaman Aliki üstün tutduq. Alik bizim həyatımızın mənasıdır. Öncə Alikə hərflər olan əlifba aldıq. Başladı yavaş-yavaş öyrənməyə. Sonra riyaziyyatı öyrənməyə başladıq. İndi də kompüterdə işləməyi öyrənib. Bilmədiyini ona öyrətməyə hazıram. Alikin hər uğuruna nə qədər sevindiyimi bilsəniz! Alik kimi övladların bizə ehtiyacı var. Bizim qayğımıza, sevgimizə ehtiyac duyurlar”.

Alik rəsm çəkməyi çox sevsə də, tək bununla kifayətlənmir. Həyata dördəlli yapışan Alikin digər məşğuliyyəti kompüter proqramlarını dərdindən öyrənməkdir. Eyni zamanda, Alik kompüteri də ayağı ilə idarə edir, şəkilli fincanlar hazırlayır.

Əllərini hərəkət etdirə bilmədiyi üçün ayaq barmaqları ilə işlərini görən Alik həyatındakı dəyişikliklərdən danışıb:

"Xəstəliyim həyatımda heç bir dəyişiklik etmədi. Özümü normal insandan əksik saymadım. Dinim, ailəm, işim, dostlarım mənə çox dəstək oldu. Onların dəstəyi ilə indi bu yerdəyəm. Kompüterə marağım çoxdur. Müxtəlif proqramları öyrənməyə çalışıram”.

Alik Cəfərov deyir ki, bir dəfə yolda onun dilənçi olduğunu düşünüblər:

"Bir dəfə yolda gedəndə hərəkətlərimdən elə bildilər ki, dilənçiyəm. Sonradan anladılar ki, fiziki qüsurum var. Biznes qurmağı arzulayıram. Cəmiyyət görsün ki, fiziki məhdudiyyət heç nəyə əngəl deyil. İnsanlarla ünsiyyət qurmağı, şəkil çap etməyi sevirəm, namaz qılmaqdan zövq alıram”.

"Hansı çətinliklə qarşılaşırsan?” sualımıza isə Alik Cəfərov fərqli bir cavab verib:

"Bu dünyada nə çətin deyil ki? Hər şeyin çətinliyi var. İnsan nə istəyirsə, onu bacara bilər”.

Söhbətimiz zamanı elə bir neçə ay bundan öncə gənc rejissor Elçin Ağazadə tərəfindən Alik Cəfərovun həyat hekayəsindən bəhs edən "Problem yoxdur” sənədli filmindən də söz açdıq.

Alik Cəfərov həmin filmə dəvət almasından danışdı:

"Elçin Ağazadə mənim müsahibəmi "İctimai TV”də görüb. Bir gün evdə oturmuşdum. Birdən zəng gəldi: "Mən rejissor Elçin Ağazadəyəm. Sənin haqqında film çəkmək istəyirəm” dedi. Mən də razılaşdım. Filmi çəkdik. Mənim mənəvi dünyamla tanış oldular. Bu səbəblə bizim dostluğumuz yarandı. Filmin adını isə "Problem yoxdur” qoyduq”.

Bu da belə… Görünən odur ki, məsələ fiziki yox, ruhun əlil olmamasıdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->