Xəbər lenti

Mənim üç günlük müharibəm....
Ölkə11:56 11.04.2016

Mənim üç günlük müharibəm....

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Zamiq Məmmədli yazır...

Cəbhə xəttindəki son hadisələr bizim əksəriyyətimiz üçün gözlənilməz oldu. Mən ilk xəbəri Azərbaycan mövzularına kifayət qədər biganə olan Çexiya mətbuatından aldım, həm də mobil telefondan. Elektron poçtumu yoxlayarkən, böyük hərflərlə "Dağlıq Qarabağda müharibə başladı" adlı yazı oxudum. Bir neçə saniyə içərisində qarışıq hisslər keçirdim. O an mənim üçün "o gün - bu gün" idi...Nəhayət başlandı! Dərhal kompyuteri işə salıb xəbəri detallı oxumağa başladım. Tam birtərəfli, Ermənistanın və "DQR-nın rəsmi mənbələrinə əsaslanan qeyri peşəkar uzun məqalə idi. O anda sosial şəbəkələr isə "dağılırdı". Azərbaycan Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin rəsmi səhifəsini açdım...XİN-nin rəsmi səhifəsində nə azərbaycan, nə də ingilis dilində bir cümlə də məlumat yox idi, ən son məlumat təqribən 25-26 marta aid mənasız  şablon xəbərlərdi. 25 ildir müharibə vəziyyətində olan bir ölkənin Müdafiə Nazirliyinin isə rəsmi internet səhifəsi yalnız Azərbaycan dilindədir..."Hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən böyük olan" müdafiə sektoru rəsmən informasiya blokadansında ilişib qalmışdı. İlk işim Çexiya mətbuatında yazılan xəbərlərin atında vəziyyətin necə olduğunu, banal səslənsə də, artıq çeynənmiş ifadələr olsa da BMT Təhlükəsiz Şurasının məlum 4 qətnaməsindən, Dağlıq Qarabağın və ətraf rayonların işğalı məsələsindən yazmağa, hətta forum iştiraçkıları ilə dirəşməyə başladım. Təqribən 4-5 böyük xəbər portalları ard-arda erməni mənbələrinə əsaslanıb onların ifadələrini "copy-past" etmişdilər. Çexiya ictimaiyyətinin böyük bir hissəsi ermənipərəstdir, bunu Çexiyada yaşayanlar bilir. Buradakı ictimai fikrə təsir etmək böyük iş tələb edir. Azərbaycan hakimiyyəti, daha doğrusu oliqarxları Çexiya iqtisadiyyatna və əmlak sektoruna bu illər ərzində böyük maliyyə vəsaitləri, sərmayələr qoysalar da, ictimai fikir üçün 1 qəpik də xərcləmədikləri ortadadır. Azərbaycanın bir dövlət olaraq bu illər ərzində haqqında çox dəm vurulan informasiya blokadasını yara bilməməsi və yarmaq istəməməsi isə ayrıca müəmmadır. 

Bu "3 günlük müharibə" mənim üçün həyatımda çox az yaşadığım qarışıq hisslərin kulmunasiyası idi. Bir tərəfdən gələn "qələbə" xəbərləri, digər tərəfdən itirilən əsgər sayı haqqında məlumatlar qarmaqarışıq hisslərlə müşayət edilirdi. Sosial şəbəkələrdəki bu "informasiya müharibəsi"ni ən yaxın dostlarla təcili görüşümüzdə davam etdirmək qərarına gəldik. Gedib Praqanın tam mərkəzində, wi-fi bağlantısı olan kafedə birlikdə xəbərləri dəyərləndirib, yayıb, erməni tərəfinin məlumatları ilə müqayisə edib müzakirə etdik...Hətta belə deyək, "əsgərimiz yaralansın amma qətiyyən bu anda erməni tərəfinə əsir düşməsin" kimi "dualar" da edirdik...O anda isə mən artıq Zəngilanlı xəyallar ququrdum....ki, gecənin bir vaxtı zəng gəldi: Azərbaycanın Çexiyadakı Səfirliyi sabah təcili Praqadakı "Bakı" kafesində toplantı keçirmək istiyir. 

Bu görüşə və onun effektivliyinə dostlarım arasında skeptik yanaşan çox olsa da, onları görüşdə iştirak etmək üçün dilə tuta bilmişdim. Görüşdən bir neçə saat əvvəl ayrıca görüşüb hələ yazılı şəkildə 17 maddəlik "təkliflər planı" da hazırlamışdıq... 

Görüş baş tutsa da, səfir və konsul özləri yox idi və bizə məlum oldu ki, görüşü Praqadakı aktivistlərin özü təşkil edib...və artıq o vaxt Azərbaycan tərəfi atəşkəs haqqında öhdəlik götürüb, hərbi əməliyyatları dayandırmışdı. Məndə belə təəsürat yarandı ki, Azərbaycanın Çexiyadakı Səfirliyi Praqadakı azərbaycanlılardan, bizlər isə səfirlikdən kömək, dəstək gözləyirdik... Səhəri gün isə Berlində Serj Sarkisyanın səfərinə etiraz mitinqi vardı. Praqadan yığışıb avtobusla getmək təklifimoraya gələn azərbaycanlı aktivistlər tərəfindən çox da rəğbətlə qarşılanmadı, sonra heç olmasa 3-4 nəfər yığışıb avtomobillə getmək təflifimi də elə özüm deyib, özüm eşitdim. Buna baxmayaraq, görüşün atmosferi elə idi ki, hər kəs öz imkanları daxilində  Azərbaycana nəsə köməklik etmək istiyirdi, amma necə?...Görüşün nəticəsi təəsüf ki, olmadı. Eləcə görüşdük, nöqsanlarımızı dedik, səhvlərimizi qəbul etdik və dağılışdıq.

Bu 3 günlük müharibə məndə son 20-25 ildə yaşamadığım qəribə hissləri yaşatdı. Bir tərəfdən sevinc bir tərəfdən məyusluq. İndiyə qədər iştirak etdiyim beynəlxalq "sülhməramlı" seminarlar, konfranslar, universitetdə oxuduğum liberal-idealist nəzəriyyələr, pasifizm demoqogiyası, Çexiya vətəndaşlığı aldığım gün o bər bəzəkli salonda təntənəli şəkildə and içdiyim o bəşəri dəyərlərə sadiqlik prinsipi bir anda bloklanmış, kütləşmiş, itib getmişdi...Bunun yerinə klassik azərbaycanlıya məxsus olan 25 ilin məğlubiyyət travmasının şüuraltı kompleksləri qabarmış və bundan nəhayət ki qurtulmaq imkanları yaranmışdı bəlkə də. İlk dəfə idi ki, səmimi olaraq, ürəkdən, qəlbən "total müharibə" arzulayırdım...Facebook "dost siyahı"ımda şəxsən tanıdığım, o anda müxtəlif dillərdə idealist  statuslar yazan "sülh quşlarını"da xaric etdim, çox əsəbi idim. Peşman deyiləm, bu mənim bəlkə də uşaqlıq illərim və xatirələrimlə əlaqəmin tamamilə kəsilməsinin verdiyi şüuraltı kompleks idi. Bu "3 günlük müharibə"dən sonra hamılıqla amma individual ölçüdə sanki göylərdən yerə - reallığa enməyə başlamışıq.  Ölkə daxilində isə artıq  yeni maraqlar mübarizəsi başladı....Bu haqda gələn dəfə....

Zamiq Məmmədli

Praqa/Çexiya

Qaynar.info