Xəbər lenti

Məscid və icra başçısının jurnalist qıza sillə vurması məsələsi müzakirə olundu - Milli Məclisdə
Ölkə11:02 14.04.2017

Məscid və icra başçısının jurnalist qıza sillə vurması məsələsi müzakirə olundu - Milli Məclisdə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Son günlər Yasamaldakı “Hacı Cavad” məscidinin sökülməsi ilə bağlı məsələ gündəmə gəldi. Sonra məlum oldu ki, məscid hüquqi şəxs kimi qeydiyyatdan keçməyib”.

“Ölkə.Az”-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Fazil Mustafa bildirib.

F.Mustafa deyib ki, dövlət tərəfindən məscidlərə qarşı guya təzyiq olması barədə görüntü yaratmağa çalışırlar:

“Elə vəziyyət yaratmağa çalışdılar ki, guya dövlət tərəfindən məscidlərə qarşı təzyiq var. Amma Prezident tapşırıq verib ki, məscid üçün daha yaxşı yer seçilsin”.

F.Mustafa jurnalistlə Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev arasında yaranan mübahisəyə də münasibət bildirib: 

“Mən həmin videoya baxdım. Orada icra başçısı jurnalistə normal şəkildə deyir ki, məsələyə aydınlıq gətirilsin məlumat veriləcək. 

Jurnalistin informasiya almaq azadlığı var, informasiya qoparmaq azadlığı yox. O videonu biz də izlədik, orada icra başçısı jurnalistə sillə vurmur. Yasamalın icra başçısı qıza sillə vurası adam deyil. Məmurun da hüququ var, hesab edirəm ki, cəmiyyətə yanlış informasiya vermək lazım deyil”.

Deputat Qüdrət Həsənquliyev isə təklif edib ki, həmin məscidin sökülməsi zamanı polisə müqavimət göstərən saqqallılar Dövlət Təhlükəsizlik Xidməti tərəfindən araşdırılsın:

“Əminəm ki, onlar barəsində araşdırılma aparılsa, məlum olacaq ki, onlar hansısa kənar ölkənin xüsusi kəşfiyyat orqanına bağlıdırlar. Biz imkan vermərik ki, məscidlərimiz cəsus yuvasına çevrilsin. Bu məsələ mütləq araşdırılmalıdır”.

Q.Həsənquliyev xanım jurnalistlə Yasamal rayon İcra Hakimiyyətinin başçısı arasında yaşanan insidentlə bağlı da danışıb. 

Deputat bu məsələ ilə bağlı Mətbuat Şurasının monitorinq keçirməsini təklif edib.

“Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasını, ölkəmizdə “İslam Həmrəliyi ili”nin elan edilməsini, Azərbaycanın böyük bir missiyanı öz üzərinə götürməsini qəbul etməyən qüvvələr var”. Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib. 

S.Novruzov deyib ki, İslam Həmrəylik Oyunlarının Azərbaycanda keçirilməsi bəzi qüvvələri narahat edir:  “Biz bu məsələlərdə ayıq-sayıq olmalıyıq. Eyni zamanda jurnalistlər də bu kimi məsələlərdə diqqətli olmalıdırlar ki, cəmiyyətə düzgün informasiya çatdırılsın. “Hacı Cavad” məscidindən 100-200 metr aşağıda digər məscidlər də var. İnsanlar namazlarını orada da qıla bilərlər. Bu baxımdan bu cür narazılıqların yaradılması müxtəlif məqsədlərə xidmət edir”.

Komitə sədri qeyd edib ki, həmin qüvvələr İslamı terrorçu, seperatçı kimi qiymətləndirirlər: “Bunu etmək olmaz. Çünki İslam mədəniyyət, inkişaf, elm deməkdir”.

S.Novruzov “Hacı Cavad” məscidi ilə bağlı ölkə rəhbərliyinin mövqeyinin olduğunu söyləyib: “Düşünürəm ki, məscidlə bağlı düzgün addım atılıb. Bu gün Azərbaycanda olan din-dövlət münasibətlərini bu cür də inkişaf etdirmək lazımdır”.

Deputat xatırladıb ki, 2017-ci il Azərbaycanda “İslam Həmrəyliy ili” elan olunub:  “Bununla bağlı ölkəmizdə müxtəlif beynəlxalq konfranslar keçirilir. Bundan başqa bu il ölkəmizdə İslam Həmrəylik Oyunları keçiriləcək. Dünyanın 57 ölkəsindən ölkəmizə nümayəndə heyəti və dövlət başçıları gələcək. Ümumilikdə Azərbaycanda bu istiqamətdə kifayət qədər addımlar atılır, İslamın ən gözəl modeli ölkəmizdə tətbiq olunur. Azərbaycanda 2500-dən artıq məscid var. Ən qədim məscidlərdən biri olan Şamaxı, Gəncədə İmamrza məscidləridir ki, onlar Heydər Əliyev Fondu tərəfindən ən yüksək səviyyədə təmir olunaraq insanların ixtiyarına verilib. Bundan başqa, Bakıda tikilən “Heydər Məscidi” təkcə Cənubi Qafqazda deyil, bir çox müsəlmanlar ölkələrində olan məscidlərdən ən böyüyüdür. Bu məscidlərin əsas funskiyası insanların orada namaz qılıb ibadət etməsidir. Bu məscidlər hansısa qərarların qəbulu və addımların atılması üçün deyil”.

Qaynar.Az