
Son günlər intiharların sayı artmaqda davam edir. Təkcə son həftə ərzində ölkə ərazisində 5 nəfərdən çox insan özünə qəsd edib. Ekspertlər isə məsələdə bədbin proqnozlar verirlər.
Azərbaycan Tibb Universitetinin dossenti, psixoterapevt Manuçehri Laleri Araz Ölkə.Az-a bildirib ki, bu çox vacib və ağır mövzudur. Onun sözlərinə görə, bu barədə ciddi tədqiqatlar aparılmalıdır:
“Bunun suallarını, nəzəriyyəsini və nəyin necə qarşısını almağı ciddi tədqiqat apardıqdan sonra demək olar. Son illər intiharların sayları olduqca artıb. Sadəcə sorğu-sual aparmaqla bunun əsas səbəblərini tapmaq mümkün deyil. Bu iş təkcə psixoloq və psixoterapevtlə danışmaqla bitmir. Bütün sahələrdən olan mütəxəssislər bu işlə məşğul olmalıdır. Bu prosesi elmi cəhətdən öyrənmək lazımdır”, - deyə Araz Manuçehri bildirib.
Həkimin fikrincə, bundan sonra da intiharların sayı artacaq:
“Bundan sonra da intiharların sayı durmadan artacaq. İntiharlar azalmayacaq. Bunun üçün göstərici yoxdur. Bütün göstəricilər insanları intihara vadar edir. 2002-ci ildə xüsusi tədqiqat aparmışdım. Elə peşələr var ki, orada çalışan mütəxəssislər intihara meyillidirlər. Ümumiyyətlə həkimlər arasında, psixoloq və psixoterapevtlər intihara çox meyilli olurlar. Ən çox intihar edənlər insanlarla çox ünsiyyətdə olan, faciələrlə rastlaşan, insanların daxili aləmini öyrənən peşələrdir. Daima insan faciəsilə rastlaşan peşələrdə çalışanlarda intihara meyillilik qat-qat artıqdır. İnsanın orqanizminin psixoloji müqaviməti zəifləyir. Çox məşhurlar həyatlarını özləri sona çatdırıblar. Dəyanət Rzayevin intiharına gəlincə, bu barədə heç kim dəqiq deyə bilməz. Hərə öz fikirlərini deyəcək. Mən onunla tez-tez görüşmürdüm. Əvvəllər çox rastlaşırdım. Deyirdilər ki, onun həyatında da problemlər vardı. Ola bilsin ki, bu faktlar da onun intihar etməsinə təkan olub”.
Araz Manuçehrinin sözlərinə görə, özünün də psixoloji gərginlik keçirdiyi anlar olub:
“Mənim indi də psixoloqa və psixoterapevtə ehtiyacım var. Əlbəttə ehtiyac var. Mən özüm də başa düşürəm. 100 həkim arasında tədqiqat apardım. Özümün də intihar fikirlərim olub. Niyədə yox? Mən də insanam da. Hər bir insanda həyatında bir neçə dəfə özünü öldürmək fikirləri olub. Bu normal bir hal sayılır”
Qaynarinfo.Az