Xəbər lenti

Ziya Məmmədovun qardaşı oğlu məhkəmədə dindirilib (YENİLƏNİB)
Ölkə10:35 26.01.2018

Ziya Məmmədovun qardaşı oğlu məhkəmədə dindirilib (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sonra dövlət ittihamçısı ittiham aktını elan edib.
Qaynarinfo-nun reporta istinadən xəbərinə görə, Rövşən Heybətov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Məlum olub ki, zərərçəkmiş şəxs Elnur Məmmədov 65 min manatlıq mülki iddia qaldırıb. 
Prosesdə zərərçəkmiş şəxs qismində E.Məmmədov dindirilib. O bildirib ki, R.Heybətovu 10 ildir tanıyır: "2015-ci ildə idman maşınım vardı. İstəyirdim Almaniyadan maşın alam. Sonra Rövşən dedi ki, "neynirsən maşın alırsan, gəl iş quraq". Razılaşdım. Bildirdi ki, biznesdə gələn pulla daha yaxşı maşın alarıq".
Zərərçəkmiş qeyd edib ki, R.Heybətova həmişə dəstək olub: "Ona etibar elədim, çünki nə problemi olub, kömək etmişəm. 210 min dollarlıq vəsait lazım idi. Getdik ağsaqqalımla, yəni atamla tanış elədim. Atamla Rövşən söhbət elədi. Orda da atam buna dedi ki, pulu götürsən nə olsa, cavabdeh sənsən. Rövşən də bununla razılaşdı. Atam da xeyir-dua verdi. 100 min dollarım qalmışdı. Sonra bankdan 1 aylıq 100 min pul götürdüm. Rövşənlə görüşdük. Özünə dedim ki, pul elə olsun batmasın". 
Sabiq deputatın oğlu bildirib ki, həmin pulları R.Heybətov özü ilə Türkiyəyə aparıb: "O, özü ilə gedəndə iki idmançı aparmışdı. Ora çatanda mənə dedi ki, pulu götürmüşəm. Uşaqlar Rövşənin qəza törətdiyini söylədi. Zəng elədim. Dedi ki, boynum qırılıb. Qaçdım xəstəxanaya. Gördüm sağlamdı, lakin özünü başqa cür aparırdı. Sual verdim, qəribə cavablar verirdi. Soruşdum pul hanı? Dedi ki, "nə pul, maşında aparıblar". Getdik polisə. İfadəsini aldılar. Orda pulu istədik. Polisdə dedilər ki, avtomobillə pul olmayıb".
E.Məmmədov qeyd edib ki, təqsirləndirilən şəxs ona ümumilikdə 144 min dollar pul qaytarıb.
Məhkəmənin növbəti iclası fevralın 2-nə təyin edilib.
 
*** 
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəməsi başlayıb. 
Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Azər Paşayevin icraatında olan prosesdə anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. 
Bugünkü prosesdə baxış iclası keçiriləcək. Prokurorun ittiham aktını elan edəcəyi gözlənilir. 
Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs sabiq nazir Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur. 
E.Məmmədov  Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 100 min manat pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib. R. Heybətov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və 5 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. Hazırda azadlıqdadır. 
E.Məmmədov işlə bağlı R.Heybətova 200 min manat verərək Türkiyəyə göndərib. R. Heybətov orada avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman isə pulun üzərində olmadığını görüb. E. Məmmədov isə buna inanmayaraq R. Heybətovun pulu mənimsədiyini bildirib və polisə şikayət edib.
İstintaq tamamlandıqda isə R.Heybətov yekun olaraq 210 min manat mənimsəməkdə ittiham edilib. 
Onu da qeyd edək ki, Elnur Məmmədov "Best of the Best" promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.