Türkiyə Birinci Liqasında çıxış edən "Dənizlispor"u daşıyan nəqliyyat vasitəsi qəzaya düşüb.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə birinci liqanın 9-cu turu çərçivəsində keçirilən "Boluspor"la matçdan sonra baş verib. "Yaşıl-qara"ların aşağı yaş qruplarından ibarət komandasını və klub işçilərini daşıyan mikroavtobus aşıb. Qəza nəticəsində 3-ü futbolçu olmaqla 6 nəfər xəsarət alıb.
Mikroavtobusun sürücüsü Afyonun Sandıklı rayonunda idarəetməni itirib nəticədə nəqliyyat vasitəsi aşıb. Qəza zamanı bir neçə dəfə fırlanaraq aşan avtomobildə olan futbolçular Ahmet Tekin, Berkant Gündem və Emre Sıngın, eləcə də təchizatçı Özlem Karakaya, həmçinin mətbuat xidmətinin əməkdaşları Altay Varol və Mustafa Yıldırım yaralanıb. Ahmet Tekinin aşmış avtomobilin altında qaldığı və xilasetmə qruplarının sayəsində xilas olunduğu bildirilib.
Yaralılardan bəziləri təcili yardım maşınları ilə Dənizlidəki xəstəxanalara çatdırılıb.
Qarşılaşma "Boluspor"un 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Səbuhi Həsənov
Şərhlər