“Metropark” Ticarət Mərkəzində baş verən kütləvi zəhərlənmə təbii qaz sızmasından baş verməyib. Bu barədə “Azəriqaz” QSC-nn rəsmisi İbrahim Kərbəlayev anspress-ə məlumat verib.
Onun sözlərinə görə, həmin mərkəzə ümumiyyətlə təbii qaz verilmir: “Əgər qaz sızması olsaydı partlayış baş verərdi. Dünən “Azəriqaz”ın mütəxəssisləri və şəxsən özüm də orada olmuşam. Araşdırmalar apardıq. Məlum oldu ki, ora qaz sızması barədə yayılan məlumatların heç biri həqiqətə uyğun deyil. Həmin ərazidə təbii qaz sızmasından söz gedə bilməz”.
“Metropark” Ticarət Mərkəzindən də bildirilib ki, ora təbii qaz verilmir. Mərkəzin mətbuat xidmətinin rəhbəri Anar Zeynalovun anspress-ə deyib ki, qonşu binanın qazanxanasından çıxan tüstü nəticəsində dəm qazı yaranıb: “Qonşu binanın qazanxanasını qaldırıblar ikinci mərtəbəyə. Həmin gün külək olduğu üçün qazanxanadan çıxan tüstü bizim havalandırma sisteminin içinə dolub. Havalandırma sistemindən də mərkəzə tüstü dolub. Nəticədə "Metropark" ticarət mərkəzində yeraltı dayanacaqda dəm qazı yaranıb. İndi hər şey qaydasındadır”.
Qeyd edək ki, dünən günorta saatlarında Bakıda "Metropark" ticarət mərkəzində yeraltı dayanacaqda dəm qazından 30-dan artıq insan zəhərlənib.
Qaynar.info