Ölkə 17:07 15.09.2022

MİDA-nın mənzil satışıyla bağlı iqtisadçıdan təklif: "Lotoreya üsulu..."

 

"Mənzil İnşaatı Dövlət Agentliyinin fəlsəfəsi kökündən yalnış olduğu üçün dəfələrlə təkrarlanan, həmin ideyanı, hətta qurumu da gözdən salan vəziyyət yaşanır. 800 mənzilə 30 mindən çox insan iddia edirsə və bunu bir tıklama yarışmasına çevirirlərsə, bu, məntiqsiz yanaşmadı. Sistemin çökməsi də bunu sübut edir”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin mənzilləri satışa çıxarılması zamanı sistemin çökməsi və insanların elektron hökumət portalına daxil ola bilməməsinə aydınlıq gətirərkən deyib. Ekspert hesab edir ki, belə bir yanaşma ilə hansısa formada mənzilləri satışa çıxartmaq doğru deyil:



"Ümumiyyətlə, bunun fəlsəfəsi yalnışdır. Azərbaycanda qanunvericiliyə görə, MİDA-in tikdiyi mənzilərə ehtiyacı olan və buna hüququ çatan 10 minlərlə insan var. Kimlərin bu mənzilləri almağa hüququ çatması ilə bağlı şərtlər öncədən müəyyənləşməlidir. Şərtlər elə qoyulmalıdır ki, şübhə yaradacaq suallar qalmasın. Əgər bunu bacarmırlarsa, məsələn, 2-3 min insanın haqqı çatırsa, amma mənzil sayı 800-dirsə, cəmiyyətin güvəndiyi insanlardan ibarət komissiya təşkil edilərək lotoreya üsülü ilə həmin mənzillərin bölüşdürülməsi daha məntiqlidir”.

Natiq Cəfərli bildirib ki, ən məntiqli varinat insanların gəlirlərinin və mənzil sayının artmasıdır:

"Onların kredit imkanları genişlənsin ki, özlərinə eyni şərtlərlə ev ala bilsinlər. Buna imkan yoxdursa, mənzillərin sayı azdırsa, hər dəfə belə biabırçı vəziyyətin yaranmasındansa, insanlarda ciddi xəyal qırıqlığı yaratmaqdansa, bunun başqa mexanizminin tapılmasına ehtiyac var. Şəhid, qazi və aztəminatlı gənc ailələrə üstünlük verilməlidir. Bu şərtlər elə sıralanmalıdır ki, həmin məzillərin bölüşdürülməsi zamanı ədalət də qorunsun, insanlarda sual yaranmasın”.

Bahar Rüstəmli