Xəbər lenti

Millət vəkili avronun ölməsindən danışdı
Ölkə07:01 23.08.2022

Millət vəkili avronun ölməsindən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Avro yenidən son 20 ildə ən aşağı məzənnə ilə təklif olunur. Bu gün birjalarda avro dollardan daha ucuz satılır. Belə ki, 1 avro almaq üçün indi 0.99 dollar ödəmək lazımdır. Dollar indeksi də 6 xarici valyutanı təşkil edən səbətə nisbətən 0.25 faiz yüksəlib”.
Qaynarinfo xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. Deputat bildirib ki, dolların dünya valyuta bazarında möhkəmlənməsi davam edir:
"Avronun uculaşması qitədə qaz böhranının dərinləşməsi və bunun da real sektora təsirləri ilə bağlıdır. "Qazprom” Qərbi Avropaya qaz təminatında da fasilələrin olacağını istisna etmir. Nəticədə Avropanı heç də asan olmayan payız və qış mövsümü gözləyir. Digər tərəfdən, avrozonada yüksək infilyasiya, iqtisadi proqnozlarda neqativ dürüstləşmə və bütövlükdə daha dərin böhran gözləntiləri avronu zəiflədir. Mavi qazın qiymətindəki kəskin artımlar "qoca qitədə” real sektorun inkişafını ciddi şəkildə tormozlayır. Xatırladaq ki, avrozonada iyun ayının yekunlarında illik inflyasiya dərəcəsi 8.6% olub. Bir ay öncə bu rəqəm 8.1%, otən il isə cəmi 1.9% idi. Avropa İttifaqında isə zonaya nisbətən daha yüksək qiymət artımları müşahidə olunur. Bu ilin birinci yarısının son ayında 9.6% ilik inflyasiya qeydə alınıb. Bu göstərici bir ay öncə 8.8%, ötən il isə cəmi 2.2% idi”.
Vüqar Bayramov hesab edir ki, avronun ucuzlaşması Avropa məhsullarının dollar ifadəsində ucuzlaşmasına səbəb olur:
"Doğrudur, avrozonada infilyasiya səviyyəsi də kifayət qədər yüksəkdir. Amma qlobal infilyasiya dərəcəsini nəzərə alsaq, ucuz avro həm də dollar ifadəsində daha az xərcli Avropa məhsulları deməkdir. Rusiya Ukrayna müharibəsi başladıqdan sonra manatın da avroya nisbətən möhkəmlənməsi müşahidə olunur. Bu il fevralın 24-də 1 avro 1.9115 manat idisə, indi kurs 1.6891-dək dəyişib. Bu, manatın avroya nisbətən son 5 ayda 12 faiz möhkəmlənməsi anlamına gəlir. Qeyd edək ki, manatın avroya birbaşa deyil, çarpaz məzənnəsi müəyyənləşir və avro dollara nisbətən dəyər itirdikcə Azərbaycan pulu Avropa valyutasına nəzərən möhkəmlənir”.
Dolların dünya bazarında möhkəmlənməsi kontekstində manatın məzənnəsinə gəldikdə isə deputat bildirib ki, kursa təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir:
"Bütün bunlarla yanaşı, praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də qlobal valyuta bazarındakı kəskin volatillik fonunda manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.
Bahar Rüstəmli