
Bu gün Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə Bakı Slavyan Universitetinin (BSU) tələbələri görüşüb.
Qaynar.info-nun məlumatına görə, tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Kamal Abdulla tələbələrlə görüşə gəldiyi üçün Asim Mollazadəyə təşəkkürünü bildirib.
O deyib ki, Asim Mollazadə öz fəaliyyəti ilə Azərbaycan gəncliyinə, intellektual potensialına çox böyük xidmətlər göstərib: “Asim müəllim təkcə bizim universitetimizin deyil, həm də digər universitetlərin dostudur. Bakı Slavyan Universitetinə tələbələrlə görüşə gəldiyi üçün ona təşəkkürümü bildirirəm. Ölkədə baş verən proseslərlə, ölkənin gələcəyi ilə bağlı məsələlərdə Asim müəllim kimi adekvat həmsöhbət tapmaq çətin məsələdi”.
Sonra çıxış edən Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə deyib ki, hər bir ölkənin gələcəyi, gələcəyə ümidlə baxışı o ölkənin univesitetləri ilə bağlıdır: “Məndən həmişə soruşurlar, niyə Amerika dünyanın ən güclü ölkəsidir? Cavabım dünyanın 100 universitetinin siyahısını nümayiş etdirmək olur. Dünyanın ən yaxşı univesitetləri ABŞ-dadır. İkinci dünya müharibəsindən sonra ABŞ çox asan bir yol tapdı. Amerika Almaniyanın ən böyük alimlərini ətrafına yığdı. Amerika beyinləri özünə cəlb etdi və dünyanın ən güclü ölkəsinə çevrildi. Bəs bu gün Azərbaycan öz qarşısında hansı hədəfləri qoyub? Təbii ki, bizim bir missiyamız var: Azərbaycan türk və islam dünyasının lideri olsun. 19-cu əsrin sonları 20-ci əsrin əvvəllərində Azərbaycan messenatları yüzlərlə gənci xarici universitetlərə təhsil almağa göndərdilər. Bunların nəticəsində demokratik, Avropaya yaxın bir dövlət yarandı. Bundan sonra biz totalitar sovet sistemində olduq. Həmin dövr ərzində xarici ölkələrdə təhsil almış insanları bir-bir qırırdılar. Mülkiyyət hüququ tamamilə məhv edildi. İndiyə qədər də Azərbaycanın əzab çəkdiyi, ciddi islahatlara ehtiyac olduğu bununla bağlıdır”.






