Xəbər lenti

Milli Məclisdə İTV-yə sərt tənqidlər
Ölkə07:55 19.04.2013

Milli Məclisdə İTV-yə sərt tənqidlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisdə İTV-nin Yayım Şurasının yeni üzvlərinin müzakirəsində telekanalın ünvanına bir sıra kəskin ittihamlar səsləndirilib.

Milli Məclisin deputatı Asim Mollazadə çıxışında telekanaldakı verilişlərin uzunçuluğundan narazılıq edib. Deputat qeyd edib ki, müasir zamanda TV kanallar texnologiyanı yüksək səviyyəyə qaldırmalıdır.

“Azərbaycan televiziyalarının görüntüləri 50-60-ci illərə aiddir. Bilirəm ki, İTV-nin gözəl texnikası var. Amma nəzərə almaq lazımdır ki, uzun-uzadı proqramlar müasir informasiya mühitində qəbuledilməzdir. Ümumi vəziyyət acınacaqlıdır. Bu vəziyyəti sürətlə və kökündən dəyişdirməyə ehtiyac var. Öz üzərimizdə ciddi işləməliyik, əks təqdirdə bu rəqabətdə uduzmuş olacağıq”-deyə deputat vurğulayıb.

Deputat İqbal Ağazadə isə İctimai Televiziyanın verilişlərinə dəvət almadığından gileylənib. “Bizim tədbirlər işıqlandırılmır, bu özəl televiziya, dövlət televiziyası deyil ki, hansısa məhdudiyyətlər olsun. Heç mənim bu çıxışımı da verməyəcəklər. Qoy desinlər ki, sonuncu dəfə nə vaxt mənim çıxışımı veriblər. Ötən həftə gənclərlə görüşüm oldu, rəsmi dəvət etdik, gəlmədilər. Onda niyə bu kanalı dövlət büdcəsindən maliyyələşdirək ki? Adını “ictimai” qoyuruqsa, burada cəmiyyətin fərqli düşünən təbəqəsi də təmsil olunmalıdır”.

Deputat Fazil Mustafa televiziyanın fəaliyyəti barədə danışarkən təklif edib ki, İTV-də parlamentin işinə həsr olunmuş həftəlik proqram hazırlanmalıdır:

“AzTV-də verilən çıxışlara təsirimiz yoxdur. Onların ənənəvi yanaşması var. Amma İTV-də bunu etməyə nə mane olur? MM mətbuat xidməti tərəfindən hazırlanmış bir saatlıq veriliş olsun, burada deputatların hətta tənqidi çıxışları da yer alsın”-deyə F.Mustafa vurğulayıb.

Deputat onu da qeyd edib ki,  İTV Azərbaycanda media mədəniyyətinin formalaşmasında yüksək rol oynayıb (modern.az).

Fərəc Quliyev də İTV-də siyasi partiyalara həftədə bir dəfə efir vaxtı ayrılmasını təklif edib.

Siyavuş Novruzov isə “mən telıevizoru açan kimi həmkarım Fazil Mustafanı İTV-də görürəm. Amma İTV YAP-ın heç bir tədbirini göstərmir”- deyib. S.Novruzov dedi ki, İTV-də aşıqlara ayrılan efir vaxtından bir az kəsib aktual məsələlərə, məsələn, yol hərəkəti qaydalarına da yer ayrılsa, yaxşı olar (musavat.com).

Parlament sədri Oqtay Əsədov isə burada İTV-nin özünün nümayəndələrinin yox, fərqli qurumların namizədlərinin müzakirəyə çıxarıldığının söyləyib. “Mən İTV-də həmişə müxalifəti də görmüşəm, iqtidarı da. Siz orada deyilsinizsə, bu o demək deyil ki, orada müxalifət yoxdur”.

Deputat Hadı Rəcəbli  də İTV-ni müdafiə edib.

O,  İTV-nin fəaliyyətindən razılığını bildirərək qeyd edib ki,  bu kanalda bayağı verilişlər, şit proqramlar yoxdur.  “Azərbaycan milli-mənəvi dəyərlərini qoruyan, gəncləri bilavasitə inkişaf etdirən verilişlər hazırlayır. Amma bu televiziya siyasi partiyaların televiziyası deyil. Bu məsələyə daha geniş baxmalıyıq. Deputatlar tez-tez görünürlər, bu, yaxşı haldır. Amma yaxşı olardı gələcəkdə İTV qanunların şərhinə də geniş yer ayırsın. Çünki insanlar adətən qanunları bilmədiklərindən, haqlarını müdafiə edə bilmirlər”-deyə Hadı Rəcəbli bildirib (modern.az).

Qaynar.info