"Şuşanın azad olunması o deməkdir ki, müharibə artıq başa çatmaq üzrədir. Yəni tezliklə Xankəndi, Ağdam, Xocavənd, Ağdərə də azad olunacaq”.
Bu sözləri "Qafqazinfo”ya Milli Qəhrəman, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev deyib. O qeyd edib ki, Şuşa Qarabağın mərkəzi idi, hətta seperatçılar "parlament”i ora köçürmək istəyirdilər. Bir "dövlət”in ki, "paytaxtı" alındı, deməli, o məğlub olunmuş hesab olunur:
"Siyasi baxımdan götürsək, biz müharibəni artıq udmuşuq. Sadəcə, texniki tərəf qalıb - hazırda həmin ərazidə olan terrorçuları ərazidən rədd etmək lazımdır. Təxminən on günə yerdə qalanları da süpürüb sərhədimizdən kənara tullayacağıq. Onunla da müharibə başa çatacaq. Şuşanın alınması o deməkdir ki, müharibənin taleyi həll olunub”.
Ehtiyatda olan hərbçi əlavə edib ki, artıq Laçın dəhlizi bağlıdır, Ermənistandan ora silah-sursat, ərzaq təminatı gəlmədikdən sonra düşmənin silahlı birləşmələri çox dözə bilməyəcək:
"Uzağı bir həftə ac qala bilərlər, bir həftədən sonra özləri qaçıb getməyə məcbur olacaqlar. Heç müharibə etməsək, oturub gözləsək belə ermənilər qazdıqları o siçan yuvalarında qala bilməyəcəklər. Hava şəraiti ilə əlaqədar olaraq beş-on gün o yan-bu yan ola bilər. Erməni terrorçuları Azərbaycanı tamamilə tərk edəcək. Azərbaycan öz bayraqlarını sərhədlərinə taxacaq və məcburi köçkünlərimiz öz torpaqlarına qayıdıb hökumətimizin, prezidentimizin dəstəyi ilə şad, firavan yaşayacaq”.