Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün hər ay verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği artırılıb.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün ayda 1 800 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü veriləcək.
İndiyədək bu məbləğ 1 500 manat olub.
Fərmanla müəyyən edilib ki, Azərbaycanın Milli Qəhrəmanı adı ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə Azərbaycan Respublikası Prezidentinin təqaüdü həmin şəxslərin aşağıda göstərilən ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir:
- dul arvadına (ərinə), valideynlərinə;
- 18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alanlara isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına;
- birinci növbədən digər qohumları olmayan baba və nənələrinə.
Prezident şəhid ailəsi üçün verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması barədə də fərman imzalayıb.
Fərmana əsasən, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 500 manat məbləğində "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” veriləcək. İndiyədək bu təqaüdün məbləği 300 manat olub.
Eyni zamanda, hər şəhidə görə onun ailəsinə Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə, 20 Yanvar şəhidinin ailəsi üçün və bu Fərmanın 1-ci bəndi ilə müəyyən edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərindən yalnız biri, ən yüksəyi verilir.
Fərmanlar 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.