Xəbər lenti

Millinin sabiq qapıçısı: “Bu, məşqçilərin seçimidir”
İdman13:06 25.08.2021

Millinin sabiq qapıçısı: “Bu, məşqçilərin seçimidir”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sabah"ın qolkiperi Səlahət Ağayev Qaynarinfo-ya müsahibə verib. Millimizin sabiq qapıçısı həm komandasının son iki çıxışını dəyərləndirib, həm də yığmamızın sentyabrda DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlarla bağlı fikirlərini bildirib. 
- Premyer Liqanın yeni mövsümündə ilk iki matçı məğlubiyyətlə bitirdiniz...
- Bəli, çempionatda ilk oyunlar istədiyimiz kimi alınmadı. "Səbail"lə matçda çoxlu qol imkanlarımız oldu, üstün tərəf biz idik, lakin qalib gələ bilmədik. "Sumqayıt"la matçda da itkilərimizə rəğmən, pis oynamadıq. Deyərdim ki, bu görüşdə də üstün tərəf idik. Heyətdə 5 itkimiz vardı. Təəssüf ki, ilk oyunlardan xalsız ayrıldıq. Lakin çempionat hələ yeni başlayıb. Qarşıdakı oyunlarda müsbət nəticə qazanacağımıza inanıram. Çünki yaxşı komandamız var. 
- Bunun səbəblərini necə izah edərdiniz?
- İlk matçda üstünlükdən istifadə edə bilmədik. Futbolda belə hallar olur. Heç bir komanda bundan sığortalanmayıb. İkinci qarşılaşmada isə məğlubiyyətə çoxsaylı itkilərimiz təsir etdi. Ancaq bu oyunlar artıq geridə qalıb. İndi nəticə çıxarıb, qarşıdakı matçlarımıza köklənməliyik. 
- Bu mövsüm mükafatçılar sırasına düşmək potensialınız necədir?
- Komandada bu potensial var və inanıram ki, mövsümün sonunda yaxşı pillədə qərarlaşacağıq. 
- Kollektivin qarşısına Premyer Liqa ilə bağlı hansı məqsədlər qoyulub?
- Əsas məqsəd mümkün olduqca yüksək pillədə qərarlaşmaq, ən əsası avrokuboklara vəsiqə qazanmaqdır. 
- Belə başlanğıc milliyə dəvət alan futbolçuların oyununa necə təsir edə bilər?
- Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir. Bu, tam başqa səviyyədir. Klubda qeydə alınan nəticədən asılı olmayaraq, millinin heyətində meydana çıxanda tam olaraq bu oyuna köklənirsən. Çünki burda tamam başqa ab-hava olur. Ölkənin adını təmsil edirsən ki, bu da əlavə məsuliyyət deməkdir. Ona görə də düşünmürəm ki, hər hansı futbolçuda klubunda qeydə alınan nəticələr millinin oyununa da sirayət eləsin. 
- Yeri gəlmişkən, uzun müddətdir millidən ayrı düşmüsünüz, buna görə özünüzü günahlandırırsınız?
- Bəli, təəssüf ki, uzun müddətdi millidən kənarda qalmışam. Əlbəttə, yenidən yığmanın şərəfini qorumaq istərdim. Milliyə dəvət almaq üçün ilk növbədə klubumda özümü yaxşı tərəfdən göstərməliyəm. O ki qaldı dəvətə, bu, artıq millinin məşqçilərinin seçimidir. 
- Sentyabrda millimiz 3 matça çıxacaq. Bu oyunların hansında qələbə qazanmaq şansımız çoxdur?
- Nəticə barədə proqnoz verə bilmərəm. Sadəcə, inanıram ki, millimiz layiqli mübarizə aparacaq. Yığmamıza qarşıdakı oyunlarda uğurlar arzulayıram.
Səbuhi Həsənov