
Topdansatış mərkəzləri də daxil olmaqla əksər satış obyektləri bağlanıb.
Fevralın 21-də Mərkəzi Bankın İdarə Heyətinin manatın məzənnəsi ilə bağlı əhalini şoka salan məlum qərarından sonra bölgələrdəki satış mərkəzlərində bir süstlük hökm sürür. Dolların məzənnəsinin birdən-birə qalxması Mingəçevirdə sahibkarların mədaxil-məxarici hesablaya bilməməsinə, nəticədə isə əhalinin ərzaq təminatını ödəyən böyük mağazaların fəaliyyətini dayandırmasına səbəb olub. Hazırda şəhərdə yanlız xırda ticarət obyektləri günün müəyyən saatlarında fəaliyyət göstərirlər. Şəhərdə əhali panika içindədir.
Maraqlıdır ki, fəaliyyətlərini davam etdirən mağazalarda təkcə tütün məmulatları deyil, qiymətində artım hiss olunan əksər məhsullar, eləcə də gündəlik tələbat malları vitrinlərdən ya yığışdırılıb, ya da dəyərindən 30-35% baha təklif olunur.
Söhbət etdiyimiz sahibkarların sözlərinə görə, dolların məzənnəsi yaxın günlərdə aşağı enməzsə, bağlanan mağazaların yenidən fəaliyyətə başlayacağı sual altındadır.
Məlumat üçün bildirək ki, oxşar vəziyyət Göyçay, Ağdaş və Yevlax rayonlarının iri topdansatış məntəqələrində və xırda sahibkarlıq dükanlarında da hökm sürür. //azadlıq.info
Qaynar.info